Tərtərdə Şəhid Qənbərli Qənbərin təltif edildiyi medallar ailəsinə təqdim olunub
Bu münasibətlə Tərtər Rayon İcra Hakimiyyətində rayon rəhbəri Müstəqim Məmmədov və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə dövlət xidmətinin Tərtər rayon şöbəsinin rəisi Elşən Abdullayev şəhidin atası Bəhruz Qasımovla və qardaşı Qorxmaz Qənbərli ilə görüşüblər.
Görüşdə rayon rəhbəri Vətən müharibəsində qazanılan Qələbədən söz açıb, Azərbaycan Ordusunun baş leytenantı olan Qənbər Qənbərlinin həyatı və döyüş şücaətindən danışıb, şəhidlərin əziz xatirəsinin qəlblərdə əbədi yaşayacağını, heç zaman yaddaşlardan silinməyəcəyini vurğulayıb.
Qeyd olunub ki, Qənbərli Qənbər 1993-cü il sentyabrın 10-da Tərtər rayonunun Kəngərli kəndində anadan olub. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə iştirak edib. Sentyabrın 27-də Murovdağ döyüşləri zamanı şəhid olub. Uzun müddət nəşi tapıla bilməyib. 22 may 2021-ci ildə nəşi tapılıb və ailəsinə təhvil verilib. Kəngərli kəndində dəfn olunub. Ailəliydi. Özündən sonra bir övladı yadigar qalıb.
Şəhid Qənbərli Qənbərin ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən təltif edildiyi "Vətən uğrunda" medalı və Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən təltif edildiyi “Şücaətə görə” medalı atasına təqdim olunub.
Şəhidin atası Bəhruz Qasımov şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib.