Tərtərdə 8 Noyabr-Zəfər Günü ərəfəsində Vətən müharibəsi şəhidlərinin ailə üzvləri ilə görüş keçirilib
Vətən müharibəsində qazanılan Zəfərin ildönümü ilə əlaqədar Tərtər Rayon İcra Hakimiyyətində Vətən müharibəsi şəhidlərinin ailə üzvləri ilə görüş keçirilib.
Görüşdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Milli Məclisin deputatı Sahib Alıyev, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidlərin ailə üzvləri, Qarabağ Müharibəsi veteranları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları Şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad edib. Sonra Dövlət himni səsləndirilib.
Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov öncə Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi və rəşadətli Azərbaycan Silahlı Qüvvələrinin qəhrəmanlığı sayəsində qazanılan tarixi Zəfərin birinci ildönümü münasibətilə tədbir iştirakçılarını təbrik edib. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin ötən il sentyabrın 27-də başlanan əks-hücum əməliyyatında işğalçı erməni ordusunu darmadağın etdiyini, Vətən müharibəsinin cəmi 44 gündə tarixi qələbə ilə başa çatdığını vurğulayıb. Qeyd edib ki, bu gün bütün Azərbaycan xalqı 8 Noyabr – Zəfər Gününü qürurla, iftixarla qarşılayır. Əlbəttə, bu tarixi qələbə şəhidlik zirvəsinə ucalan, ağır yaralanan Vətən oğullarının qanı bahasına qazanılıb. Bu insanlar hər bir azərbaycanlının qəlbində əbədi yaşayacaq. Qeyd edib ki, qəhrəman gənclərimizin Vətən uğrunda göstərdiyi fədakarlıqlar dövlətimiz tərəfindən yüksək qiymətləndirilir. Onların hər biri orden və medallarla təltif olunub, ailələri dövlətin diqqət və qayğısı ilə əhatə edilib. Həmçinin rayon rəhbəri bildirib ki, Vətən müharibəsində məkrli düşmən müharibənin aparılmasının beynəlxalq hüquq normaları ilə müəyyən olunmuş qaydalarını pozaraq, dəfələrlə Tərtər şəhəri də daxil olmaqla 40 yaşayış məntəqəmizə 16 min 277 top, tank, qrad mərmisi, 21 qadağan olunmuş raket atıb. Ancaq tərtərlilər bir gün də olsun öz doğma yurdlarını və ev-eşiklərini tərk etməyib, evləri dağılsa da, şəhidlər versə də, ön cəbhədə olduğu kimi arxa cəbhədə də qəhrəmanlıq, şücaət göstəriblər.
Milli Məclisin deputatı Sahib Alıyev çıxış edərək Zəfər gününü bizə yaşadan oğullarımızla bütün Azərbaycan xalqının qürur duyduğunu, Vətən müharibəsində dövlət-xalq-ordu birlik nümayiş etdirdiyini, bir yumruq halında birləşərək düşmənə zərbə vurduğunu, 44 gündə uzun illər işğalda olan torpaqlarımızın azad edildiyini bildirdi. Müharibə dövründə döyüşçülərin, xalqın yüksək əhval-ruhiyyədə olduğunu, ürəkdən “Vətən sağ olsun” dediyini qeyd etdi. Bildirdi ki, Ali Baş Komandan cənab İlham Əliyevin göstərdiyi fədakarlıq, şucaət, müdriklik nəticəsində həm cəbhədə, həm də informasiya müharibəsində qələbə qazandıq.
Tədbirdə çıxış edən şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Görüşün sonunda Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə təltif olunmuş şəhidlərin medalları ailə üzvlərinə təqdim edildi. Rayon icra hakimiyyəti tərəfindən şəhidlərin ailə üzvlərinə hədiyələr və Vətən müharibəsi zamanı Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olmuş əsgər və zabitlərimizə, qətlə yetirilən mülki vətəndaşlara və itkin düşmüş soydaşlarımıza ehtiram əlaməti olaraq sentyabrın 27-də Bakı şəhərində keçirilən yürüşdə daşınan şəkilləri verildi.