Şriftin ölçüsü :

Saytın rəngi :

Genetik Ehtiyatlar İnstitutunun Qarabağ Elmi-Tədqiqat Bazasının infrastrukturunun bərpası ilə bağlı tarla seminarı keçirilib

22 oktyabr 2021 | 16:00

Oktyabrın 22-də Tərtər rayonunun Şıxarx qəsəbəsində Zəfər Gününə həsr olunmuş “AMEA Genetik Ehtiyatlar İnstitutunun Qarabağ Elmi-Tədqiqat Bazasının infrastrukturunun bərpası, bölgə üçün yaradılmış buğda və arpa sortlarının toxumçuluğunun təşkili məsələləri” mövzusunda tarla seminarı keçirilib. Seminar AMEA Biologiya və Tibb Elmləri Bölməsi və AMEA Genetik Ehtiyatlar İnstitutunun birgə təşkilatçılığı ilə reallaşıb.

Tədbir iştirakçıları əvvəlcə Tərtər şəhərinin mərkəzi meydanında ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyub, dahi rəhbərin xatirəsini ehtiramla yad ediblər.

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov 44 günlük Vətən müharibəsi dövründə Ermənistan silahlı bölmələri tərəfindən rayonun yaşayış məntəqələrinin atəşə tutulması nəticəsində dəymiş zərər barədə məlumat verib. Bildirib ki, müharibə zamanı Tərtər şəhəri də daxil olmaqla, rayonun 40 yaşayış məntəqəsinə 16 min 277 tank, top, qrad, minomyot mərmisi, 21 qadağan olunmuş raket atılıb. Nəticədə Tərtərdə 82 çoxmərtəbəli yaşayış binasına, 5949 fərdi evə, 184 sahibkarlıq və 301 qeyri-yaşayış obyektinə, 17 məktəbə, 11 uşaq bağçasına, 1 texniki peşə məktəbinə, 1 musiqi məktəbinə, 30 inzibati binaya və 20-yə yaxın mədəniyyət və səhiyyə müəssisəsinə ziyan dəyib.

Tədbir iştirakçıları sonra Şəhidlər abidə kompleksi qarşısına tər çiçəklər düzüb, respublikamızın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Şıxarx qəsəbəsi ərazisində keçirilən tarla seminarında Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov “Tərtər rayonunun işğaldan azad edilmiş ərazilərində elmi tədqiqatların aparılmasına dəstək verilməsi” mövzusunda çıxış edib. O, Azərbaycanın şanlı tarixinə qızıl hərflərlə yazılmış Qələbənin birinci ildönümü ərəfəsində Qarabağ iqtisadi rayonunun Tərtər rayonunda elmi və ictimai-siyasi əhəmiyyəti olan tarla seminarının keçirilməsini mühüm hadisə kimi qiymətləndirib, seminarın işinə uğurlar arzulayıb.

Bildirib ki, kənd təsərrüfatı rayonu olan Tərtərdə son illərdə əhalinin pambıq, şəkər çuğunduru yetişdirilməsinə marağı yüksəlib. Tərtər rayonu bu strateji kənd təsərrüfatı məhsulları üzrə orta məhsuldarlığa görə respublikada ön sıradadır. Əkin sahələrində suvarmanın normal təşkili üçün son 15 ildə Tərtər rayonunda 191 subartezian quyusu qazılıb.

İşğal nəticəsində uzun müddət ərzində Sərsəng və Suqovuşan su anbarlarından istifadənin mümkün olmadığını vurğulayan icra başçısı artıq bir ilə yaxındır ki, Suqovuşan su anbarı vasitəsilə ərazilərimizin suvarılmasının həyata keçirildiyini bildirib.

AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aqrar elmin inkişaf perspektivləri” mövzusunda məruzə ilə çıxış edib. Akademik ölkə elmi və aqrar sahənin inkişafı üçün mühüm əhəmiyyət kəsb edən seminarın AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin işğaldan sonra qədim Qarabağ torpağında keçirilən ilk tədbiri olduğunu qeyd edib.

İradə Hüseynova Qarabağın təbiəti, landşaft örtüyü, torpaqları, iqlim şəraiti, əlverişli su təminatı və coğrafi mövqeyinin kənd təsərrüfatının inkişafı üçün hər zaman böyük imkanlar yaratdığını bildirib, işğaldan əvvəl regionda təqribən 140 min hektar əkin sahəsinin istifadə olunduğunu diqqətə çatdırıb.

Akademik Qarabağ Elmi-Tədqiqat Bazası haqqında məlumat verərək bildirib ki, 1950-1989-cu illərdə təqribən 1700 hektar torpaq sahəsində yaradılmış baza tərəfindən mədəni bitkilərin və kənd təsərrüfatı heyvanlarının region üçün səciyyəvi genetik ehtiyatlarının, yerli ənənəvi xalq seleksiyası nümunələrinin toplanması, öyrənilməsi, seleksiyada istifadəsi, yeni bitki sortları və heyvan cinslərinin ilkin toxumçuluğunun və damazlıq işinin təşkili və yayılması həyata keçirilib.

“Aqrar elmin inkişafında xüsusi rolu olan bu regional mərkəzdə Azərbaycanın korifey alimləri, akademiklər - Cəlal Əliyev, İmam Mustafayev, İlyas Abdullayev, Ələkbər Quliyev və digər mütəxəssislər səmərəli fəaliyyət göstərməklə elmin inkişafına və alınan nəticələrin istehsalata tətbiqinə öz töhfələrini veriblər”, - deyə İ.Hüseynova bildirib.

Məruzəçi hazırda Qarabağın davamlı inkişafının təmin edilməsi üçün Azərbaycan elminin bütün resurslarını səfərbər etmək, regionda müxtəlif istiqamətlərdə multidissiplinar elmi-tədqiqat fəaliyyətlərin bərpasına və intensivləşdirilməsinə nail olmaq istiqamətində tədbirlər görüldüyünü deyib.

Akademiyanın vitse-prezidenti “AMEA-nın “2020-2025-ci illər üzrə inkişaf strategiyasında” və “Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə dair elmi tədqiqat işləri ilə bağlı AMEA-nın vəzifələri haqqında” tədbirlər planında Qarabağın torpaq və su resurslarının, fauna və florasının öyrənilməsi, aqrar tədqiqatların bərpası və intensivləşdirilməsi məsələlərinin nəzərdə tutulduğunu diqqətə çatdırıb, AMEA, o cümlədən akademiyanın Biologiya və Tibb Elmləri Bölməsinin işğaldan azad edilmiş ərazilərin bərpası və dayanıqlı inkişafı ilə bağlı bir sıra təkliflərlə çıxış etdiyini deyib. Qeyd edib ki, bu təkliflərin arasında Qarabağ Elmi-Tədqiqat Bazasının bərpası məsələsi də xüsusi yer tutur: “Azərbaycanda elmin koordinatoru funksiyasını yerinə yetirən AMEA-nın Qarabağda Elmi-Tədqiqat Bazası ən müasir tələblərə uyğun qurulmalı, burada aparılacaq elmi-tədqiqat işlərinin səviyyəsi dünya standartlarına cavab verməli, innovativ yanaşmalar tətbiq olunmalı, o cümlədən yüksəkixtisaslı kadr potensialı formalaşdırılmalıdır”.

Çıxışının sonunda akademik Qarabağ Elmi-Tədqiqat Bazasının qısa müddətdə bərpa ediləcəyinə, bazanın bölgədə aqrobiomüxtəlifliyin öyrənilməsi, saxlanılması, eləcə də yeni bitki sortları və heyvan cinslərinin yaradılması istiqamətində aparıcı elmi-tədqiqat mərkəzinə çevriləcəyinə, regionda kənd təsərrüfatının davamlı inkişafına real töhfələr verəcəyinə əminliyini ifadə edib.

“Qarabağ Elmi-Tədqiqat Bazasının bərpası, tədqiqat imkanları və perspektivləri” mövzusunda çıxış edən AMEA Genetik Ehtiyatlar İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov 40 ilədək nümunəvi elmi tədqiqat fəaliyyəti göstərən Qarabağ Elmi-Tədqiqat Bazasının 1989-cu ildə erməni işğalına qədər 1694 hektar əraziyə malik olduğunu deyib. Bildirib ki, bazada 30-dan çox yüksək məhsuldar sort və yüzlərlə hibrid yaradılaraq Qarabağ bölgəsində və ölkənin digər iqtisadi rayonlarının təsərrüfatlarında geniş ərazilərdə becərilmişdir. Bu, kənd təsərrüfatının inkişafına əhəmiyyətli dərəcədə təsir göstərmişdir.

İllərlə toplanmış zəngin genefondun, bütün əmlakın erməni işğalı nəticəsində talan edilərək məhv olduğunu təəssüf hissi ilə bildirən Z.Əkpərov 1992-ci ildə aparılan əks hərbi əməliyyat tədbirləri nəticəsində torpaq sahələrinin bir hissəsinin geri alındığını, lakin nümunəvi bazanın bütün infrastrukturunun məhv edildiyini diqqətə çatdırıb.

Məruzəçi deyib ki, 2003-cü ildən bazanın əməkdaşları Tərtər rayonunda fermer təsərrüfatında tədqiqat işlərini davam etdirməyə başlayıb və torpaqların işğaldan azad olunmasından sonra istehsalata tətbiqi istiqamətində işlər aparıblar. Onun sözlərinə görə, bölgəyə aid aparılan tədqiqat işləri nəticəsində 7 yeni buğda və 2 arpa sortu Dövlət Sort Sınağı Komissiyasına təqdim edilib.

Z.Əkpərov əlavə edib ki, ikinci Qarabağ müharibəsi böyük Qələbə ilə başa çatdıqdan sonra bazanın ərazisində 1 ədəd subartezian quyusunun qazılaraq istifadəyə verilməsi tədqiqat işlərinin başlanılmasına, rayonlaşdırılmış sortların ilkin toxumçuluğunun təşkilinə və genişləndirilməsinə imkan verəcək.

“Hazırda qarşımızda duran ən mühüm vəzifə Qarabağ Elmi-Tədqiqat Bazasının yenidən bərpası və keçmiş ənənəsini, şöhrətini özünə qaytarmaqdır”, - deyən AMEA-nın müxbir üzvü Qarabağ Elmi-Tədqiqat Bazasının ağıllı texnologiyalar əsasında yenidən bərpa edilməsinin önəminə toxunub, bazanın bərpasının ən azı keçmiş ənənələrə uyğun müasir səviyyədə həyata keçirilməsinin vacibliyini qeyd edib.

Tədbirdə, həmçinin Kənd Təsərrüfatı Nazirliyi Bitkiçilik şöbəsinin müdiri İmran Cümşüdovun “Rəqabətqabiliyyətli sortların yaradılmasında müasir innovasiyaların rolu”, AMEA Genetik Ehtiyatlar İnstitutunun şöbə müdiri Xanbala Rüstəmov və Kənd Təsərrüfatı Nazirliyi Əkinçilik Elmi-Tədqiqat İnstitutunun şöbə müdiri, AMEA Genetik Ehtiyatlar İnstitutunun aparıcı elmi işçisi Abidin Abdullayevin həmmüəllifi olduqları “Qarabağ iqtisadi rayonunda ərzaq təhlükəsizliyinin təmin edilməsində taxıl bitkilərinin seleksiyası və toxumçuluğunun rolu” mövzusunda məruzələri təqdim olunub.

Daha sonra Qarabağ Elmi-Tədqiqat Bazasının fəaliyyətinin təşkili, gələcək istiqamətlərin müəyyənləşdirilməsi, yeni sortların yaradılması, elektron interaktiv xəritələrin hazırlanması və digər tədbirlərlə bağlı müzakirələr aparılıb, bir sıra təkliflər səsləndirilib. Müzakirələrdə akademik Qərib Məmmədov, AMEA-nın müxbir üzvü İbrahim Əzizov, “Aqro Dairy” MMC-nin icraçı direktoru Vahid Hacıyev iştirak ediblər.

Sonda Qarabağ bölgəsi üçün yaradılmış taxıl sortlarının sərgi nümunələri ilə tanışlıq olub və ilk toxumlar torpağa səpilib.

 

Keçidlər