Tərtərdə şəhid İsmayıllı Şamilin xatirəsinə tikilmiş abidənin açılışı olub
Tərtər rayonunun Dəmirçilər kəndində şəhid İsmayıllı Şamil Kamil oğlunun xatirəsinə tikilmiş abidənin açılışı olub.
Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, müharibə veteranları, kənd sakinləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları Vətən uğrunda şəhid olan oğulların xatirəsini ehtiramla yad edib, ruhlarına dualar oxunub.
Mərasimdə çıxış edənlər Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov ötən il sentyabrın 27-də başlanan və tarixə 44 günlük müharibə kimi düşən Vətən müharibəsindən, Azərbaycan Ordusunun qəhrəmanlığından, qazandığı şanlı Qələbədən, şəhidlərin gənclərə nümunə olan qısa, lakin şərəfli ömür yolundan danışıb. Vətən müharibəsində şəhidlərin qanının yerdə qalmadığı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edildiyi, böyük Qələbənin tarixi əhəmiyyətini xüsusi qeyd edib. Bildirib ki, Vətən müharibəsində Tərtər rayonuna 16 min 277 top, tank, qrad mərmisi, 21 qadağan olunmuş raket atılıb. Ancaq tərtərlilər bir gün də olsun öz doğma yurdlarını və ev-eşiklərini tərk etməyib, evləri dağılsa da, şəhidlər versə də, ön cəbhədə olduğu kimi arxa cəbhədə də qəhrəmanlıq, şücaət göstəriblər.
Tədbirdə digər çıxış edənlər Vətən müharibəsində əsgər və zabitlərimizin qəhrəmanlıqlarından danışıblar.
Şəhidin atası çıxış edərək şəhid, qazi ailələrinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirib.
Sonra şəhid İsmayıllı Şamilin xatirəsinə tikilmiş abidənin açılışı olub.