Xarici diplomatlara Tərtərdə ermənilərin raket və artilleriya atəşi nəticəsində törədilən dağıntılar barədə məlumat verilib
Oktyabrın 16-da Tərtərdə səfərdə olan Azərbaycandakı diplomatik korpusun nümayəndələrinə ermənilərin raket və artilleriya atəşi nəticəsində rayonda törədilən dağıntılar barədə məlumat verilib.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov səfərin iştirakçılarına zərər görmüş tikililər haqqında məlumat verib. Qeyd edib ki, düşmənin atəşi nəticəsində Tərtər rayonunda 40 yaşayış məntəqəsi zərər görüb, 58 fərdi yaşayış evi, 2 ictimai obyekt tamamilə dağılıb.
Sonra diplomatik korpusun nümayəndələri ötən il Tərtərdə Ermənistan silahlı qüvvələri tərəfindən atılan “Smerç” raketi ilə dağıdılan evdə olublar.
Dağıdılan evin sahibi, Kəlbəcər rayonundan olan məcburi köçkün evinin ötən ilin oktyabrında dağıdıldığını deyib. Bildirilib ki, o, yeni evlə təmin olunub. Dağıdılan ev isə açıq havada muzey kimi saxlanılacaq.