Səhiyyə işçilərinin peşə bayramı qeyd edildi
Səhiyyə işçilərinin peşə bayramı Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri qoymaqla başlandı və mərkəzi xəstəxanada davam etdirildi.
Tədbiri rayon mərkəzi xəstəxanasının baş həkimi Yaşar Haseynov açdı və Azərbaycan səhiyyəsi və bu sahədə rayonda görülən işlər barədə məruzə etdi. Bildirdi ki, 17 iyun Azərbaycanda səhiyyə işçilərinin peşə bayramı kimi qeyd olunur. Bu tarix ölkədə Səhiyyə Nazirliyinin yarandığı tarixdir. 1918-ci il 17 iyunda Azərbaycanda Səhiyyə Nazirliyi yaradılır və bu sahə dövlətin idarəsinə keçir.
Ulu Öndər Heydər Əliyevin 4 iyun 2001-ci il tarixdə imzaladığı sərəncamla 17 iyun tibb işçilərinin peşə bayramı kimi qeyd olunur.
Sonra məruzə ətrafında çıxışlar oldu. Müalicə şöbəsinin müdiri Mehriban Kərimova, Azadqaraqoyunlu kənd xəstəxanasının müdiri Tofiq Quluyev, həkim-ankoloq Tərlan Əliyeva, uşaq xəstəxanasının baş həkimi Hicran Rəhimli çıxış edərək səhiyyədəki yeniliklərdən və bu istiqamətdə ölkə prezidenti cənab İlham Əliyevin misilsiz qayğısından danışdılar.
Sonda 3 nəfər fəal tibb işçisinə Tərtər rayon İcra Hakimiyyətinin “Fəxri Fərman”ları təqdim olundu.
Tədbirdə rayon icra hakimiyyəti başçısının müavini Elvin Umudov iştirak etmişdir.