15-İyun Milli Qurtuluş Günü qeyd edildi
İyunun 15-də rayonun “Heydər Əliyev” mərkəzində 15 İyun – Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilmişdir. Tədbirdə rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, YAP rayon təşkilatının üzvləri, ictimaiyyətin nümayəndələri iştirak etmişlər.
Öncə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət etmiş, abidənin önünə tər gül-çiçək dəstələri düzmüş, ona hörmət və ehtiramlarını ifadə etmişlər.
Tədbirdə çıxış edən rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən, müstəqil dövlətimizin qurulmasında və möhkəmlənməsində Ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərindən danışaraq bildirmişdir ki, qədirbilən xalqımız birləşərək ölkəni bürümüş acınacaqlı vəziyyətə qarşı məntiqli, iradəli gücünü ortaya qoymuş, təkidlə bu dahi şəxsiyyətin hakimiyyətə qayıdışını tələb etmişdir. 1993-cü ilin iyun ayında ölkədə böhran ən acınacaqlı həddə çatmışdı. Bu anda xalqı vətəndaş qarşıdurmasından, səfalətdən, ölkəni parçalanmaq təhlükəsindən xilas etmək gücündə olan bir insan - Heydər Əliyev xalqına və dövlətinə sahib çıxmışdır. Bugünkü əmin-amanlıq, sabitlik, iqtisadi inkişaf üçün böyük fədakarlıqlar edən Ulu öndər Heydər Əliyev belə bir ağır məsuliyyəti üzərinə götürərək hakimiyyətə qayıtmış və uzaqgörən və müdrik siyasəti ilə Azərbaycan xalqını düçar olduğu böhranlı vəziyyətdən xilas etmişdir.
M.Məmmədov Ümummilli lider Heydər Əliyevin hakimiyyətə yenidən gəlişinin xalqımıza itirilmiş inamını qaytardığını vurğulamış, həmin dövrün Azərbaycanın ən şərəfli tarixi kimi yaddaşlarda əbədi olaraq qalacağına əminlik ifadə etmişdir.
Natiq qeyd etmişdir ki, Ümummilli liderin tarixi qayıdışı ilə Azərbaycanda müstəqil dövlət quruculuğunun, iqtisadi islahatların, ölkənin gələcəyi üçün böyük əhəmiyyəti olan neft müqavilələrinin təməli qoyulmuşdur. Onun yorulmaz fəaliyyəti, yeritdiyi müdrik daxili və xarici siyasət nəticəsində müstəqilliyimiz dönməz xarakter almış, hüquqi, demokratik və dünyəvi dövlət quruculuğu, milli ordunun formalaşdırılması, beynəlxalq aləmdə Azərbaycanın demokratik imicinin artması sahəsində böyük işlər görülmüşdür. Məhz Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsidir ki, indi Azərbaycanın iqtisadi qüdrəti durmadan artır, ölkəmizdə ictimai-siyasi sabitlik, eyni zamanda, beynəlxalq aləmdəki mövqeləri möhkəmlənir, xalqımızın sosial vəziyyəti günbəgün yaxşılaşır.
Tədbirdə Qaraağacı kənd tam orta məktəbinin müəllimi Rəşad Qarayev, Hüsənli kənd İƏD-i üzrə nümayəndə Gülüstan Əhmədova, Seydimli bələdiyyəsinin sədri Mədinə İmanova, Gülabatlı kənd kulubunun müdiri Nurlan Əlizadə də çıxış etmişlər.
Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov YAP-ın sıralarına yeni daxil olmuş gənclərə üzvülük vəsiqlərini təqdim etmişdir.
Sonra tədbir “Heydər parkı”nda incəsənət ustalarının iştirakı ilə bayram konserti ilə davam etdirilmişdir. Bayram iştirakçıları incəsənət ustalarının ifa etdikləri mahnıları da maraqla qarşılamışlar.