Tərtərdə bir qrup media nümayəndəsi Vətən müharibəsindəki fəaliyyətinə görə mükafatlandırılıb
Qarabağ bölgəsində çalışan bir qrup media nümayəndəsi Vətən müharibəsinin informasiya cəbhəsində göstərdiyi fəaliyyətə görə mükafatlandırılıb.
Tərtər rayonunda pandemiya şəraitinin tələblərinə uyğun olaraq tədbir keçirilib. Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə tər çiçəklər qoyublar.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov tədbirdə çıxış edərək, 2020-ci ilin sentyabrın 27-də başlayan Vətən müharibəsindən, 30 ilə yaxın işğaldan qalan torpaqlarımızın 44 gün ərzində azad edilməsindən, media nümayəndələrinin informasiya cəbhəsindəki fəaliyyətindən danışıb. Bildirib ki, 44 gün davam edən Vətən Müharibəsi zamanı hər kəs qalibiyyət üçün Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək ortaya inanılmaz qətiyyət qoymuşdu. Bu əzmi, qətiyyəti və dəyanəti özünün əməli fəaliyyəti ilə göstərənlər sırasında jurnalistlər – kütləvi informasiya vasitələrinin bölgə müxbirləri, eləcə də operatorlar xüsusi fəallıqları ilə seçilirdilər. Onlar Azərbaycan ictimaiyyətinin dəqiq və qərəzsiz informasiyalarla təminatında müstəsna missiya yerinə yetiriblər.
Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva çıxışında bildirib ki, 2020-ci il sentyabrın 27-də erməni təxribatına cavab olaraq, Ali Baş Komandanın əmri ilə Ordumuz bütün cəbhə boyu əks-hücuma keçdi. Hərbi əməliyyatların elə ilk günündə düşmənin illərdir möhkəmləndirdiyi və "keçilməz" adlandırdığı ön müdafiə xəttini yarıldı. 44 gün davam edən müharibə Azərbaycan ordusunun qələbəsi, 30 ilə yaxın işğal altında olan torpaqlarımızın azad edilməsi ilə yekunlaşdı.
İnformasiya cəbhəsində aparılan işin ön cəbhədəki qədər əhəmiyyətli olduğunu deyən Qənirə Paşayeva bildirib ki, Vətən müharibəsi zamanı Prezident İlham Əliyev dünyanın bir sıra nüfuzlu telekanalına geniş müsahibələr verib. Dövlətimizin başçısı həmin müsahibələrdə Ermənistanın Azərbaycana qarşı başlatdığı elan olunmamış müharibənin tarixi, səbəbləri, hazırkı durumu, eləcə də dövlətimizin, xalqımızın haqlı mövqeyini dünya ictimaiyyətinin diqqətinə çatdırıb.
Q.Paşayeva qeyd edib ki, Vətən müharibəsində Azərbaycan həm döyüş meydanında, həm informasiya müharibəsində qalib gəldi. İnformasiya müharibəsində media nümayəndələrinin də üzərinə böyük məsuliyyəti düşürdü. 44 gün ərzində KİV nümayəndələri çətin və təhlükəli şəraitdə çalışaraq həm ölkə, həm də dünya ictimaiyyətinin məlumatlandırılmasında mühüm rol oynadılar. Həm peşə borcunu ləyaqətlə yerinə yetirdilər, həm də vətənpərvərlik nümunəsi göstərdilər. Televiziyaların, elektron media orqanlarının nümayəndələri birbaşa hadisə yerindən informasiyalar foto və videolar yayımladılar, xalqımızı, dünyanı məlumatla təmin etdilər.
“Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli, Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Biriyinin sədri Arzu Bağırova, "Nəfəs" İcctimai Birliyinin sədri Firəngiz Balakişiyeva, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının idarə heyətinin sədri Səkinə Babayeva tədbirdə çıxış edərək Qarabağ bölgəsində çalışan media nümayəndələrinin müharibə dövründə əsgər və zabitlərimizin qəhrəmanlığını, cəbhəyanı bölgələrdəki sakinlərin fədakarlığını, postmüharibə dövründə isə Qarabağda abadlıq-quruculuq işlərini işıqlandırdığını diqqətə çatdırıb, ictimaiyyətin düzgün məlumatlandırılması, Azərbaycan həqiqətlərinin dünyaya yaylması sahəsində fəaliyyətinə görə onlara təşəkkür ediblər.
Toplantıda çıxış edən İTV-nin bölgə müxbiri Şöhrət Eyvazov, AZƏRTAC-ın bölgə müxbirləri Tahir Ağaməmmədov və Aydın Yavərzadə, AZTV-nin bölgə müxbiri Elnur Tofiq, Xəzər TV və Baku TV-nin bölgə müxbiri Şamxal Adıgözəlov, Space TV-nin bölgə müxbiri Emin Babayev əməklərinə verilən qiymətə görə təşəkkürlərini çatdırıb, Qarabağ bölgəsindəki fəaliyyətlərindən söz açıblar. Bildirilib ki, Qarabağ üzrə bölgə müxbirləri təkcə 44 günlük Vətən müharibəsi dövründə deyil, atəşkəs dövründə də informasiya müharibəsinin cəbhəsində gərgin çalışıb, ermənilərin təxribatları, yaşayış məntəqələrimizin atəşə tutulması, regionun sosial-iqtisadi həyatı, Qarabağın tarixi, mədəniyyəti ilə bağlı informasiyalar, reportajlar hazırlayıblar. Bundan sonra isə xalqımızı işğaldan azad olunmuş torpaqlarımızdan müxtəlif istiqamətli informasiyalar, o cümlədən həyata keçirilən inkişaf, bərpa-quruculuqla bağlı məlumatlandıracaqlar.
Tədbirin sonunda KİV nümayəndələri Vətən müharibəsi zamanı peşə fəaliyyətinə həssas yanaşdığına, Azərbaycan və dünya ictimaiyyətinin operativ, dəqiq informasiyalarla təmin edilməsində aktiv iştirakına görə mükafatlandırılıblar.