Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon rəhbəri Türkiyədən olan media nümayəndələri ilə görüşüb

29 sentyabr 2021 | 16:00

Sentyabırın 29-da İctimai Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) dəvəti ilə ölkəmizdə səfərdə olan İstanbul Medya qrupun başqanı Ali Rıza Yıldızın rəhbərlik etdiyi nümayəndə heyyəti Tərtər rayonunda səfərdə olub.

Səfər çərçivəsində qonaqlar Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovla görüşüblər. Görüşdə Milli Məclisin deputatı Sahib Alıyev və  İctimai Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzinin sədri Samir Adıgözəllidə iştirak edib.

Rayon rəhbəri əvvəlcə qardaş Türkiyədən gələn mediya nümayəndələrinə rayon haqqında ətraflı məlumat verib. Azərbaycanla Türkiyə arasındakı qardaşlıq münasibətlərinin qədim tarixindən danışıb. Türkiyə və Azərbaycan öz tarixlərinin ən çətin dövrlərində bir-birinə qardaş dəstəyini nümayiş etdirdiklərini qeyd edib.  44 günlük Vətən müharibəsində ölkəmizin haqq səsini dünya ictimaiyyətinə dəqiq və qərəzsiz çatdırdıqları üçün Türkiyədən olan mediya nümayəndələrinə təşəkkürünü bildirib.

Sonra rayon rəhbəri 44 günlük Vətən müharibəsində  rayona dəymiş ziyan və onun aradan qaldırılması istiqamətində görülmüş işlər barədə məlumat verərək bildirib ki, 44 günlük Vətən müharibəsində erməni hərbi birləşmələri tərəfindən Tərtər rayonuna 16 min 277 top, tank, qrad mərmisi, 21 qadağan olunmuş raket atılıb. Nəticədə 16 mülki şəxs həlak olub, 63 nəfər yaralanıb. Rayonun infrastrukturuna, yaşayış evlərinə, sosial obyektlərinə, o cümlədən 3663 fərdi yaşayış evinə, 83 çoxmənzilli binada 1741 mənzilə, 301 qeyri-yaşayış sahəsinə, 184 sahibkarlıq və ictimai-iaşə müəssisəsinə, 47 sosial obyektə, 12 körpələr evi uşaq bağçasına, 16 məktəbə, 10 tibb müəssisəsinə, 7 mədəniyyət müəssisəsinə, İlk peşə ixtisas məktəbinə, Musiqi Məktəbinə, Klub İcma Mərkəzinə və kənd tibb məntəqələrinə, 30 inzibati obyektə, 103 nəqliyyat vasitəsinə, 18 kənd təsərrüfatı texnikasına, 505 əkin sahəsinə ziyan dəyib. Vətəndaşlara məxsus 161 iribuynuzlu, 393 baş xırdabuynuzlu heyvan, 24 arı ailəsi məhv olub. 58 fərdi yaşayış evi, çoxmənzilli binada olan 2 ev, 1 qeyri-yaşayış sahəsi, 2 sosial obyekt tamamilə dağılıb.

Qonaqlar səmimi qəbula və ətraflı məlumata görə rayon rəhbərinə öz minnətdarlıqlarını bildiriblər.

Sonra qonaqlar 44 günlük Vətən müharibəsində Tərtər rayonuna dəymiş ziyanı əyani əks etdirən fotoşəkil və stendlərlə tanış olub, rayon rəhbəri ilə birlikdə Vətən müharibəsi şəhidinin il mərasimində iştirak edib, sonra işğaldan azad olunmuş Suqovuşan və Talış kəndlərinə səfər ediblər.

Görüşün sonunda tərəflər bir-birlərinə xatirə hədiyyələri təqdim edib.

Keçidlər