Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonun ümumtəhsil məktəblərinin V-XI sinifləri üzrə ənənəvi şəkildə tədrisə başlanılıb

29 sentyabr 2021 | 16:00

Sentyabrın 29-da Tərtər rayonunda ümumtəhsil məktəblərinin V-XI sinifləri üzrə ənənəvi şəkildə tədrisə başlanılıb. İlk dərslər “Qarabağ Azərbaycandır!” mövzusuna həsr olunub.

Bununla əlaqədar Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov  və Milli Məclisin deputatı Sahib Alıyev rayonun ümumtəhsil məktəblərində olublar.

Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov ənənəvi tədrisə başlanılması münasibəti ilə rayonumuzun təhsil işçilərini və şagirdləri təbrik edərək, onlara təhsildə uğurlar arzulayıb. Gələcəyimiz olan uşaqların azad və firavan yaşaması üçün torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi yad edilib.

İcra başçısı bildirib ki, 44 gün davam edən Vətən müharibəsi dövründə mənfur düşmən müharibə qaydalarına zidd olaraq mülki əhalinin yaşadığı Tərtər şəhəri də daxil olmaqla 40 yaşayış məntəqəmizə 16 min 277 top, tank, qrad mərmisi, 21 qadağan olunmuş raket atılıb. Nəticədə 16 mülki şəxs həlak olub, 63 nəfər yaralanıb. Rayonun infrastrukturuna, yaşayış evlərinə, sosial obyektlərinə, o cümlədən 3663 fərdi yaşayış evinə, 83 çoxmənzilli binada 1741 mənzilə, 301 qeyri-yaşayış sahəsinə, 184 sahibkarlıq və ictimai-iaşə müəssisəsinə, 47 sosial obyektə, 12 körpələr evi uşaq bağçasına, 16 məktəbə, 10 tibb müəssisəsinə, 7 mədəniyyət müəssisəsinə, İlk peşə ixtisas məktəbinə, Musiqi Məktəbinə, Klub İcma Mərkəzinə və kənd tibb məntəqələrinə, 30 inzibati obyektə, 103 nəqliyyat vasitəsinə, 18 kənd təsərrüfatı texnikasına, 505 əkin sahəsinə ziyan dəyib. Vətəndaşlara məxsus 161 iribuynuzlu, 393 baş xırdabuynuzlu heyvan, 24 arı ailəsi məhv olub. 58 fərdi yaşayış evi, çoxmənzilli binada olan 2 ev, 1 qeyri-yaşayış sahəsi, 2 sosial obyekt tamamilə dağılıb. Ancaq tərtərlilər bir gün də olsun öz doğma yurdlarını və ev-eşiklərini tərk etməyib, evləri dağılsa da, şəhidlər versə də, ön cəbhədə olduğu kimi arxa cəbhədə də qəhrəmanlıq, şücaət göstəriblər.

Sonra icra başçısı ölkəmizdə təhsilin inkişafı, onun maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülən işlərdən, həyata keçirilən layihələrdən söz açıb. Bildirib ki,  Ulu Öndər Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi bütün dövrlərdə təhsilə və onun inkişafına böyük diqqət yetirib. Bu gün isə bu ənənə cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.  Dövlət və  Heydər Əliyev Fondu tərəfindən yeni məktəblər, uşaq evləri, liseylər tikilir, məktəblərin maddi-texniki bazası gücləndirilir.

Qeyd edib ki, Respublika Prezidenti Tərtər rayonuna 3 iyun 2020-ci il tarixli səfərindən sonra “Tərtər rayonunun Xoruzlu kəndində yeni ümumtəhsil məktəbinin tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalamışdır. Hal-hazırda Xoruzlu kənd tam orta məktəbinin yeni inzibati binasının tikilişinə başlanılmış, şəhər 5 saylı tam orta məktəbinin tikintisi üçün layihə smeta sənədləri artıq hazırlanmışdır.

Rayon rəhbəri vurğulayıb ki, pandemiyanın və 44 günlük Vətən müharibəsinin yaratdığı çətinliklərə baxmayaraq bu il də rayon məzunları dövlətimizin yaratdığı imkanlardan bəhrələnərək ali məktəblərə qəbul imtahanlarında yüksək nəticə göstəriblər.

Təhsil işçiləri republikamızda təhsil sahəsinə göstərdikləri diqqət və qayğıya görə ölkə rəhbəri cənab İlham Əliyevə və Birinci-vitse prezident Mehriban xanın Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Keçidlər