Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə Anım Gününə həsr olunmuş tədbir keçirilib

27 sentyabr 2021 | 16:00

Tərtər rayonunda “Şəhidlər” abidə kompleksinin qarşısında  27 sentyabr-Anım Gününə həsr olunmuş tədbir keçirilib.

Anım tədbirində Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Milli Məclisin deputatı Sahib Alıyev, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri, qazilər, müharibə iştirakçıları, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbirdə əvvəlcə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda edən əsgər və zabitlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi, ruhlarına dualar oxundu.

Sonra Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək bildirdi ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq sentyabrın 27-si Azərbaycanda Anım Günü elan olunub.

Bu gün ölkəmizin bütün şəhər və rayonlarında, o cümlədən mənfur düşmənin ən çox ziyan vurduğu Tərtər rayonunda da anım mərasimləri keçirilir, şəhidlərimiz Azərbaycandakı bütün dini məbədlərdə - məscidlərdə, kilsələrdə, sinaqoqlarda dərin ehtiramla yad olunur, qəhrəman Vətən övladlarının ruhuna dualar oxunur.

Rayon rəhbəri anım tədbirində 44 günlük Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun əsgər və zabitlərinin göstərdiyi qəhrəmanlıqlardan danışdı. Bildirdi ki, ötən ilin bu günu Azərbaycan tarixinə Vətən müharibəsinin başlanması kimi həkk olundu. Ermənilərin 30 ilə yaxın işğal altında saxladıqları torpaqlarımız şəhidlərimizin qanı bahasına azad edildi. Uzun illər mif olaraq təqdim edilən erməni sədləri elə ilk gündə ordumuz tərəfindən darmadığın olundu. Ordumuz bütün cəbhə boyu irəlilədi və düşmən Azərbaycan əsgərinin qarşısında diz çökdü. 44 günlük döyüşlərdə bir çox yaşayış yerlərini atəşə tutan ermənilər sakinlərimizi qorxutmağa çalışsa da, buna nail ola bilmədi. Darmadağın olan düşmən ordumuz qarşısında tab gətirməyərək kapitulyasiya aktına imza atdı.

44 günlük Vətən müharibəsində erməni hərbi birləşmələri tərəfindən Tərtər rayonuna 16 min 277 top, tank, qrad mərmisi, 21 qadağan olunmuş raket atılıb. Nəticədə 16 mülki şəxs həlak olub, 63 nəfər yaralanıb. Rayonun infrastrukturuna, yaşayış evlərinə, sosial obyektlərinə, o cümlədən 3663 fərdi yaşayış evinə, 83 çoxmənzilli binada 1741 mənzilə, 301 qeyri-yaşayış sahəsinə, 184 sahibkarlıq və ictimai-iaşə müəssisəsinə, 47 sosial obyektə, 12 körpələr evi uşaq bağçasına, 16 məktəbə, 10 tibb müəssisəsinə, 7 mədəniyyət müəssisəsinə, İlk peşə ixtisas məktəbinə, Musiqi Məktəbinə, Klub İcma Mərkəzinə və kənd tibb məntəqələrinə, 30 inzibati obyektə, 103 nəqliyyat vasitəsinə, 18 kənd təsərrüfatı texnikasına, 505 əkin sahəsinə ziyan dəyib. Vətəndaşlara məxsus 161 iribuynuzlu, 393 baş xırdabuynuzlu heyvan, 24 arı ailəsi məhv olub. 58 fərdi yaşayış evi, çoxmənzilli binada olan 2 ev, 1 qeyri-yaşayış sahəsi, 2 sosial obyekt tamamilə dağılıb. Ancaq tərtərlilər bir gün də olsun öz doğma yurdlarını və ev-eşiklərini tərk etməyib, evləri dağılsa da, şəhidlər versə də, ön cəbhədə olduğu kimi arxa cəbhədə də qəhrəmanlıq, şücaət göstəriblər.

Milli məclisin deputatı Sahib Alıyev çıxış edərək bildirdi ki, Ermənistanın 2020-ci il sentyabrın 27-də ölkəmizə qarşı növbəti hərbi təcavüzünə cavab olaraq Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızın işğaldan azad edilməsi məqsədilə başladığı Vətən müharibəsi Şanlı Qələbə ilə başa çatdı. Otuz ilə yaxın işğal altında olan torpaqlarımız şəhidlərimizin - əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına işğaldan azad edildi. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizə dərin ehtiram əlaməti olaraq sentyabrın 27-si ölkəmizdə Anım Günü kimi qeyd olunur.

Tədbirdə çıxış edən şəhidlərin valdeyinləri onlara daimə qayğı ilə yanaşan ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya öz minnətdarlıqlarını bildirdilər.

Sonra məktəblilər tərəfindən vətənə, şəhidlərimizə həsr olunmuş şeirlər səsləndirildi.

Mərasim “Şəhidlər” abidə kompleksinin ziyarəti ilə yekunlaşdı.

Keçidlər