Şriftin ölçüsü :

Saytın rəngi :

BMTİP-in rezident nümayəndəsi Alessandro Frakassetti Tərtərə səfər edib

24 sentyabr 2021 | 16:00

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova,  BMTİP-in rezident nümayəndəsi Alessandro Frakassetti Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və BMT-nin İnkişaf Proqramının (BMTİP) birgə təşkilatçılığı ilə Tərtərdə istifadəyə verilmiş İcma Resurs mərkəzinin fəaliyyəti ilə tanış olmaq üçün Tərtərə səfər ediblər.

Qonaqları salamlayan Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov səmərəli və işgüzar xidmətlərinə görə, eləcə də qurumlar arasında ikitərəfli əməkdaşlığın inkişafına verdiyi töhfələrə görə BMT rəsmisinə təşəkkürünü bildirib. O qeyd edib ki, Qələbə sevincini  yaşayan Azərbaycanda tamamilə fərqli bir ab-hava var. Bu müddət ərzində Azərbaycan beynəlxalq hüququn prinsiplərinə əsasən öz ədalətli və haqlı mövqeyini ortaya qoydu. 44 gün ərzində ərazilərini işğaldan azad edərək şanlı zəfər tarixini yazdı.

Daha sonra icra başçısı qonaqlara Ermənistanın təcavüzü nəticəsində sivil vətəndaşlara qarşı törədilən terror cinayətləri barədə məlumat verib. Bildirib ki, 44 gün davam edən Vətən müharibəsi dövründə Tərtər rayonuna 16277 top, tank, qrad mərmisi düşüb, 21 qadağan olunmuş raket atılıb. Bunun nəticəsində 40 yaşayış məntəqəsi üzrə 3663 fərdi yaşayış evinə, 83 çox mənzilli binada 1741 mənzilə, 301 qeyri-yaşayış sahəsinə, 184 sahibkarlıq və ictimai-iaşə müəssisəsinə, 47 sosial obyektə, o cümlədən, 12 körpələr evi uşaq bağçasına, 16 məktəbə, İlk Peşə ixtisas məktəbinə, Gənclər Mərkəzinə, Musiqi Məktəbinə, Klub İcma Mərkəzinə, 10 tibb müəssisəsinə və 30 inzibati obyektə, 103 nəqliyyat vasitəsinə, 18 kənd təsərrüfatı texnikasına, 505 əkin sahəsinə ziyan dəyib, güclü dağıntılar olub. 58 fərdi yaşayış evi, çoxmənzilli binada olan 2 ev, 1 qeyri-yaşayış sahəsi, 2 sosial obyekt tam dağılıb.

Tərtər rayonu 43 hərbi, 17 mülki şəhid verib, 200-dən çox qazi, 63 mülki yaralı var.

Icra başçısı BMT rəsmisinin Bərdə və Tərtərə uğurlu səfərinə diqqət çəkərək bildirib ki, bölgələrə səfər edərək, görülən işlərlə yaxından və şəxsən tanış olmaq xüsusi əhəmiyyət kəsb edir. Həyata keçirilən layihələr, xüsusilə vaxtilə təmas xəttinə, indi işğaldan azad olunmuş ərazilərə yaxın bölgələrdə keçirilən tədbirlər çox vacibdir. Layihələrin davamlı olması üçün biz də öz üzərimizə düşən vəzifələri yerinə yetiririk.

Çıxış edən BMT-nin İnkişaf Proqramının rezident nümayəndəsi Alessandro Frakassetti ünvanına səslənən xoş sözlərdən şərəf duyduğunu bildirərək, Komitə və İcra hakimiyyətləri ilə əməkdaşlıq çərçivəsində görülən hər bir işə bağlılığını ifadə edib. O, bu illər ərzində qadınların sosial-iqtisadi imkanlarının genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərə mümkün qədər daha çox qadının cəlb olunması üçün bütün səylərini gücləndirdiyini vurğulayıb. Qadınların rastlaşdığı problemlərinnin pandemiya və münaqişənin alovlandığı böhran dövrlərində özünü daha qabarıq büruzə verdiyini qeyd edən BMT rəsmisi bildirib ki, bütün çətinliklərə baxmayaraq, qadınların üzləşdiyi problemlərin qarşısının alınmasına birlikdə müvəffəq olduq.

A. Frakassetti həyata keçirilən çoxsaylı layihələrin gələcək üçün geniş imkanlar açdığını və görülən hər bir işin böyük motivasiyaya çevrildiyini bildirib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova mərkəzin işinə uğurlar arzu edərək,  mərkəzin icma nümayəndələri, o cümlədən zərər çəkmiş ailələrə dəstək göstərilməsində, onların cəmiyyətə reinteqrasiyasında mühüm rol oynayacağına inamını ifadə edib.

Tədbirin davamında layihə koordinatoru Fəridə Əmirova qısa təqdimatla çıxış edib.

Sonda İcma Resurs mərkəzinin təlimlərində iştirak edən bir qrup gəncə sertifikatlar təqdim olunub.

Keçidlər