Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhidin doğum günündə onun adına tikilmiş bulağın açılışı olub

22 sentyabr 2021 | 16:00

Sentyabrn 22-də Tərtər rayonunun Qazyan kənd tam orta məktəbində şəhid Hacıyev Rüstəm Firqani  oğlunun doğum günündə şəhidin adına inşa edilmiş bulağın açılışı olub. Açılışda Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, hüquq-mühafizə orqanlarının  rəhbərləri, şəhidin ailə üzvləri, oxuduğu  məktəbin müəllimləri, yaxınları,  Bakı və Mingəçevir şəhərindən dəvət olunmuş  şəhid ailələri iştirak ediblər.  Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səslənib. Sonra torpaqlarımızın işğaldan azad olunması uğrunda həlak olan şəhidlərin xatirəsi bir dəqiqəlik sukutla yad edilib.

Tədbirdə iştirak edən rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov 44 günlük Vətən müharibəsində Milli Ordumuzun  əsgər və zabit heyətinin  döyüşlərdə göstərdikləri şücaət və qəhrəmanlıqlarından danışıb. Qeyd olunub ki, torpaqlarımızın  bütövlüyü uğrunda 44 tərtərli gənc şəhid olub, 16 mülki şəhidimiz, 63 mülki yaralımız olub.

44 günlük Vətən müharibəsində Tərtər şəhəri də daxil olmaqla onun 40 yaşayış məntəqəsi düşmən tərəfindən  müntəzəm surətdə atəşə tutulub, rayona 16277 top, tank, qrad mərmisi düşüb, 21 qadağa olunmuş raket atılıb. Ancaq tərtərlilər  bir gün də öz doğma torpaqlarını tərk etməyiblər. Rüstəm kimi igid oğullarımızın   sayəsində Azərbaycan Ordusu Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Zəfər gününü tarixə yazıb. Biz şanlı Zəfər tarixmizi yazan oğullarımızla fəxr edirik.

Sonra Tərtər rayon Polis şöbəsinin rəisi Elçin Qasımov, məktəbin  tarix müəllimi Aygün Məmmədova, Bakı şəhərindən dəvət olunmuş şəhid ailələri Zülfiqar İbrahimov, Ziyafət Quliyeva, Mingəçevir şəhərindən dəvət olunmuş şəhid bacısı Elnarə Hüseynova çıxış ediblər. Onlar Azərbaycan ordusunun qüdrətindən, hərbçilərimizin müharibədə göstərdikləri qəhrəmanlıqlardan, ordu və xalq birliyindən danışaraq bizə Qələbə sevincini yaşadan oğulların xatirəsinin   daim  xalqımızın qəlbində yaşadığını bildiriblər.

Məktəbin şagirdləri Vətənə, anaya, şəhidlərə, qəhrəmanlara  həsr olunmuş, şeirlər  söyləyiblər.

Şəhid Rüstəm Hacıyevin atası Firqani Hacıyev çıxış edərək şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Respublika Prezidentinə və Birinci vitse-prezidentə öz minnətdarlıqlarını bildiriblər.

Keçidlər