Şriftin ölçüsü :

Saytın rəngi :

Soyulan kənd İƏD-nin Alışarlı kəndində “Şəhidlər abidəsi”nin, Hacallı kəndində isə “Şəhid bulağı”nın açılışı olub

20 sentyabr 2021 | 16:00

27 sentyabr anım günü ərəfəsində  Soyulan kənd İƏD-nin Alışarlı kəndində “Şəhidlər abidəsi”nin, Hacallı kəndində isə “Şəhid bulağı”nın açılışı olub.

  Açılış mərasimində Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, hüquq-mühafizə orqanlarının nümayəndələri, şəhid ailələri, qazilər, müharibə veteranları, kənd sakinləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

   Tədbirdə ilk olaraq vətənimizin bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi yad edilib,  abidənin önünə əklillər və  gül dəstələri düzülüb.

   Sonra Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov ötən il sentyabrın 27-də başlayan və tarixə 44 günlük müharibə kimi düşən Vətən müharibəsindən, Milli Ordunun qazandığı şanlı Qələbədən, şəhidlərin gənclərə nümunə olan qısa, lakin şərəfli ömür yolundan danışıb. Vətən müharibəsində şəhidlərin qanının yerdə qalmadığını, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edildiyini, böyük Qələbənin tarixi əhəmiyyətini xüsusi qeyd edib.

   Bildirib ki, Vətən müharibəsində beynəlxalq hüquq normalarını pozaraq düşmən dəfələrlə Tərtər şəhəri də daxil olmaqla 40 yaşayış məntəqəmizə  16 min 277 top, tank, qrad mərmisi, 21 qadağan olunmuş raket atıb. Ancaq tərtərlilər bir gün də olsun öz doğma yurdlarını və ev-eşiklərini tərk etməyib, evləri dağılsa da, şəhidlər versə də, ön cəbhədə olduğu kimi arxa cəbhədə də qəhrəmanlıq, şücaət göstəriblər.

   Sonra rayon rəhbəri abidənin inşaasında əməyi olan hər kəsə öz təşəkkürünü bildirib.

  Tədbirdə Soyulan kənd tam orta məktəbinin direktoru Afizə Mikayılova çıxış edərək kəndin şəhidlərindən, onların Vətən müharibəsində göstərdikləri döyüş şücaətindən, şagirdlərə nümunə olmalarından, ordu-xalq-iqtidar birliyindən danışdı. Şəhidlərin xatirəsinin daim qəlblərdə yaşayacağını bildirib.

   Sonra şəhid Şəmilov Azərin oğlu Fədayət Şəmilov çıxış edib. O atasının onunla bağlı arzusunu yerinə yetirdiyini, bu il yüksək balla Azərbaycan İqtisadiyyat Universitetinə qəbul olunduğunu bildirib, atası ilə fəxr etdiyini deyib.

   Tədbirdə məktəblilər Vətənə, ordumuza, şəhidlərimizə həsr olunan şeirlər söyləyiblər.

       Sonra Hacallı kəndində Vətən müharibəsi şəhidi Sabirli Əjdər Xanlar oğlunun xatirəsinə tikilmiş bulağının da açılışı olub.

   Açılışdan sonra icra başçısı hər iki şəhidin məzarını ziyarət edib, onların ailə üzvləri ilə görüşüb və qayğıları ilə maraqlanıb.

Şəhidlərin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Keçidlər