Rayon rəhbəri Türkiyə Respublikasının Gəncə şəhərindəki Baş Konsulu cənab Zeki Öztürkü qəbul edib
Səfər çərçivəsində qonaq Tərtər rayon İcra Hakimiyyətinin İnzibati binasında Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovla görüşüb. Rayon rəhbəri konsula rayon haqqında məlumat verməzdən öncə Ulu Öndərin “Azərbaycan ilə Türkiyənin bir millət, iki dövlət olması” fikrini dilə gətirdi.
Sonra İcra başçısı 44 günlük Vətən müharibəsində rayona dəymiş ziyan və onun aradan qaldırılması istiqamətində görülmüş işlər barədə məlumat verb bildirdi ki, 44 günlük Vətən müharibəsində erməni hərbi birləşmələri tərəfindən Tərtər rayonuna 16 min 277 top, tank, qrad mərmisi, 21 qadağan olunmuş raket atılıb. Nəticədə 16 mülki şəxs həlak olub, 63 nəfər yaralanıb. Rayonun infrastrukturuna, yaşayış evlərinə, sosial obyektlərinə, o cümlədən 3663 fərdi yaşayış evinə, 83 çoxmənzilli binada 1741 mənzilə, 301 qeyri-yaşayış sahəsinə, 184 sahibkarlıq və ictimai-iaşə müəssisəsinə, 47 sosial obyektə, 12 körpələr evi uşaq bağçasına, 16 məktəbə, 10 tibb müəssisəsinə, 7 mədəniyyət müəssisəsinə, İlk peşə ixtisas məktəbinə, Musiqi Məktəbinə, Klub İcma Mərkəzinə və kənd tibb məntəqələrinə, 30 inzibati obyektə, 103 nəqliyyat vasitəsinə, 18 kənd təsərrüfatı texnikasına, 505 əkin sahəsinə ziyan dəyib. Vətəndaşlara məxsus 161 iribuynuzlu, 393 baş xırdabuynuzlu heyvan, 24 arı ailəsi məhv olub. 58 fərdi yaşayış evi, çoxmənzilli binada olan 2 ev, 1 qeyri-yaşayış sahəsi, 2 sosial obyekt tamamilə dağılıb.
Sonra rayon rəhbəri xüsusi vurğuladı ki, bunlara baxmayaraq Tərtər rayonu günü-gündən böyüyür, gözəlləşir. Rayonda geniş tikinti-abadlıq işləri aparılır, yeni binalar, sosial obyektlər tikilir. Yaşıllıq zolaqları salınır, yollar çəkilir. Sonra konsul hər iki dövləti bir-birinə bağlayan dostluq və qardaşlıq münasibətlərindən danışdı. Səmimi qəbula və ətraflı məlumata görə öz minnətdarlığını ifadə etdi.
Konsul Tərtər rayon Tarixdiyarşünaslıq müzeyinə baxış keçirib. İcra başçısı müzeydə Nuru Paşanın 1918-ci ildə tərtərə gəlməsindən və onun burda təmtərahla qarşılanmasından, sonra Tərtər rayonunda yerləşən 24 tarixi abidənin 1-i olan dünya əhəmiyyətli Borsunlu kurqanlarından danışıb. Görüş səmimi və yaddaqalan keçib.
Baş konsul Zəki Öztürk də öz növbəsində Tərtərdə olmaqdan məmun olduğunu bildirib. Onun sözlərinə görə, Tərtər səfərinin məqsədi iki ölkə arasında dayanıqlı əməkdaşlığı inkişaf etdirmək üçün qarşılıqlı maraq kəsb edən sahələri qiymətləndirməkdir.
Görüşün sonunda tərəflər bir-birlərinə xatirə hədiyyələri təqdim ediblər.