İƏT Ombudsmanlar Assosiasiyasının nümayəndə heyəti faktaraşdırıcı missiyanı Tərtərdə davam etdirib
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın dəvəti ilə ölkəmizdə səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) prezidentinin rəhbərlik etdiyi və Assosiasiyanın Baş katibi müşavirinin iştirakı ilə nümayəndə heyəti Tərtər rayonunda olub. Qonaqlar əvvəlcə Mərkəzi Meydanda Ulu Öndərin abidəsi önünə gül dəstələri qoyub, xatirəsini ehtiramla yad ediblər.
Nümayəndə heyəti Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələri tərəfindən ən çox atəşə məruz qalan Tərtərdə faktaraşdırıcı missiya həyata keçirib.
Sonra səfər çərçivəsində nümayəndə heyətinin üzvləri 44 günlük Vətən müharibəsi zamanı yaşayış məntəqələrinin beynəlxalq humanitar hüququn qaydalarına zidd olaraq atəşə tutulması faktları ilə yerində tanış olub və ətraflı məlumatlandırılıb. Məlumat verilib ki, 44 günlük Vətən müharibəsində erməni hərbi birləşmələri tərəfindən Tərtər rayonuna 16 min 277 top, tank, qrad mərmisi, 21 qadağan olunmuş raket atılıb. Nəticədə 16 mülki şəxs həlak olub, 63 nəfər yaralanıb. Rayonun infrastrukturuna, yaşayış evlərinə, sosial obyektlərinə, o cümlədən 3663 fərdi yaşayış evinə, 83 çoxmənzilli binada 1741 mənzilə, 301 qeyri-yaşayış sahəsinə, 184 sahibkarlıq və ictimai-iaşə müəssisəsinə, 47 sosial obyektə, 12 körpələr evi uşaq bağçasına, 16 məktəbə, 10 tibb müəssisəsinə, 7 mədəniyyət müəssisəsinə, İlk peşə ixtisas məktəbinə, Musiqi Məktəbinə, Klub İcma Mərkəzinə və kənd tibb məntəqələrinə, 30 inzibati obyektə, 103 nəqliyyat vasitəsinə, 18 kənd təsərrüfatı texnikasına, 505 əkin sahəsinə ziyan dəyib. Vətəndaşlara məxsus 161 iribuynuzlu, 393 baş xırdabuynuzlu heyvan, 24 arı ailəsi məhv olub. 58 fərdi yaşayış evi, çoxmənzilli binada olan 2 ev, 1 qeyri-yaşayış sahəsi, 2 sosial obyekt tamamilə dağılıb.
Səfər zamanı Tərtərdə Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə məruz qalmış yaşayış evinə və rayona atılmış qadağan edilmiş raketlərin qalıqlarına baxış keçirilib.
Nümayəndə heyəti sonra ermənilərin Azərbaycana qarşı ərazi iddialarını ifşa edən “Marağa-150” abidəsi ilə tanış olublar. Bildirilib ki, ermənilərin Azərbaycanın Qarabağ bölgəsinə köçürülməsini sübut edən tarixi mənbələrdən olan “Marağa–150” abidəsi İranın Marağa ərazisindən Qarabağa köçürülmələrinin 150 illiyi münasibətilə 1978-ci ildə onların özləri tərəfindən inşa edilib. XX əsrin sonlarında Ermənistanın Azərbaycana qarşı növbəti ərazi iddiaları başlayanda “Marağa-150” abidəsi qəsdən dağıdılıb. Çünki o, ermənilərin əzəli Azərbaycan torpağı olan Qarabağa köçürülməsinin əyani sübutu idi. Qonaqlar ermənilərin Qarabağa köçürülmələrini təsdiqləyən, həmçinin “Marağa-150” abidəsi ilə bağlı tarixi sənəd, məlumat və fotolardan ibarət stendlərə baxıblar.