Tərtər rayonunun Qaradağlı kəndində şəhidin ad günündə xatirəsinə ucaldılmış abidənin açılışı olub
Tərtər rayonunun Qaradağlı kəndindən olan, 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Məmmədli Sənan Səlim oğlunun ad günündə xatirəsinə inşa edilən bulağın açılış olub.
Tədbirdə Tərtər rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Milli Məclisin deputatı Sahib Aliyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsinin əməkdaşları, hüquq-mühafizə orqanlarının nümayəndələri, şəhid ailələri, qazilər, müharibə veteranları, kənd sakinləri, şəhidin yaxınları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Karantin qaydalarına uyğun təşkil olunan açılış mərasimində çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov şəhid Məmmədli Sənanın qısa, lakin şərəfli və örnək olan həyat yolundan danışıb, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ötən ilin sentyabrın 27-də başlanan və 44 gündə başa çatan, tarixə Zəfər gününü yazan qələbənin tarixi əhəmiyyətini qeyd edib.
Vurğulanıb ki, şərəfli döyüş yolu keçən və oktyabrın 19-da Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olan Məmmədli Sənan və onun kimi oğullarımızın xatirəsi heç vaxt unudulmayacaq. Hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Prezident İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamı ilə Məmmədli Sənan ölümündən sonra “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.
Tədbirdə çıxış edən rayon rəhbəri bildirib ki, Vətən müharibəsi dövründə məkrli düşmən müharibənin aparılmasının beynəlxalq hüquq normaları ilə müəyyən olunmuş qaydalarını pozaraq Tərtər şəhəri də daxil olmaqla 40 yaşayış məntəqəmizə 16 min 277 top, tank, qrad mərmisi, 21 qadağan olunmuş raket atıb. Bunun nəticəsində 16 nəfər mülki şəxs şəhid olub, 63 nəfər isə yaralanıb. Ancaq tərtərlilər bir gün də öz doğma yurdlarını və ev-eşiklərini tərk etməyib, evləri dağılsa da, şəhidlər verilsə də, ön cəbhədə olduğu kimi arxa cəbhədə də qəhrəmanlıq, şücaət göstəriblər.
Milli Məclisin deputatı Sahib Aliyev çıxış edərək Vətən müharibəsində Milli Ordumuzun göstərdiyi döyüş şücaətindən, xalq-iqtidar-ordu birliyindən danışaraq, Azərbaycan əsgərinin məğlubedilməzliyini, qalib əsgər olduğunu dilə gətirdi.
Şəhidin atası Səlim Məmmədov, anası Rəsmiyyə Məmmədova çıxış edərək onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Sonra məktəblilərin ifasında şəhidlərə həsr olunmuş şeirlər dinlənildi.
Açılış mərasimindən sonra rayon rəhbəri və deputat tədbir iştirakçıları ilə birgə kənd qəbiristanlığında dəfn olunmuş birinci Qarabağ və Vətən Müharibəsi şəhidlərinin məzarlarını ziyarət edib, önünə gül dəstələri qoyublar.