Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid baş leytenant Qənbərli Qənbər Bəhruz oğlunun ad günü qeyd edilib

10 sentyabr 2021 | 16:00

Bu münasibətlə Tərtər Rayon İcra Hakimiyyətinin, YAP Tərtər rayon təşkilatının,  SHXÇDX-nin Tərtər rayon şöbəsinin nümayəndələri, qazilər və şəhidin yaxınları şəhidin məzarını ziyarət edərək önünə gül dəstələri düzüblər, ruhuna dualar oxuyublar. Sonra nümayəndələr şəhidin yaşadığı evə gedərək ailəsinin qayğıları ilə maraqlanıblar.

Qənbərli Qənbər Bəhruz oğlu 1993-cü il sentyabrın 10-da Tərtər rayonunun Kəngərli kəndində anadan olub.  Ailəliydi. Bir qız övladı yadigar qalıb. Azərbaycan Ordusunun baş leytenantı olan Qənbər Qənbərli  Azərbaycan Silahlı Qüvvələri tərəfindən ermənilərin işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyü uğrunda 44 günlük Vətən müharibəsində Murovdağ istiqamətində gedən döyüşlərdə  sentyabrın 27-də  şəhid olub. Uzun müddət nəşi tapılmayıb. 22 may 2021-ci ildə nəşi tapılaraq Tərtər rayonunun Kəngərli kəndində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Qənbər Qənbərli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Ali Baş Komandan cənab İlham Əliyevə və birinci vitse Prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Allah şəhidlərimizə rəhmət eləsin, ruhları şad olsun!

Keçidlər