Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtər rayonunda KOB dostu fəaliyyətə başlayıb

03 sentyabr 2021 | 16:00

Qarabağ iqtisadi rayonu üzrə sayca ikinci Kiçik və Orta Biznesin Dostu (KOB dostu) Tərtər rayonunda fəaliyyətə başlayıb. Tərtər Gənclər Mərkəzində fəaliyyət göstərəcək KOB dostu müvafiq rayonla yanaşı, ətraf şəhər və rayonların sahibkarlarına da biznes sahəsində dəstək və xidmətlər göstərəcək.

Sentyabrın 3-də Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı, Tərtər Rayon İcra Hakimiyyətinin, sahibkarların və onlara xidmət göstərən müvafiq qurumların nümayəndələrinin iştirakı ilə KOB dostu rayonun biznes ictimaiyyətinə təqdim edilib, iştirakçılar KOB dostu ofisində sahibkarlar üçün yaradılmış şəraitlə tanış olublar.

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov KOB dostu mexanizmi və Agentliyin digər dəstək və xidmətləri barədə sahibkarlara məlumat verib, onları KOB dostu ilə fəal əməkdaşlığa dəvət edib. Vurğulanıb ki, KOB dostu Tərtər rayonunda sahibkarlıq fəaliyyətinin inkişafı, yeni biznes subyektlərinin yaradılması, sahibkarların maraqlarının müdafiəsi və s. kimi istiqamətlərdə dəstək və xidmətləri yerində göstərəcək. Bununla yanaşı, KOB dostu lazım gəldikdə sahibkarları müvafiq qurumlarla əlaqəndirəcək, onların qarşılaşdıqları çətinliklərin həlli istiqamətində dövlət-sahibkar əməkdaşlığı platforması çərçivəsində müvafiq tədbirlər görəcəkdir. 

Orxan Məmmədov onu da qeyd edib ki, 44 günlük Vətən müharibəsi zamanı döyüş bölgəsindən kənarda yerləşən bir sıra şəhər və kəndlərimiz kimi Tərtər rayonu da Ermənistanın təxribatlarından ziyan çəkmişdir. Dağıntılara və itkilərə baxmayaraq, Tərtər sakinləri böyük əzm nümayiş etdirmişdir. Artıq Vətən müharibəsi zamanı əmlaklarına ziyan dəymiş vətəndaşlara və sahibkarlıq subyektlərinə maddi yardımların ödənilməsinə başlanılmışdır. 

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov özəl sektorun inkişafı istiqamətində rayonda həyata keçirilən tədbirləri diqqətə çatdırıb, digər dövlət dəstəyi mexanizmləri kimi, KOB dostunun da sahibkarlıq fəaliyyətinin genişlənməsi və biznesə yeni başlayanlar üçün əhəmiyyətli olacağını vurğulayıb.

Tədbir çərçivəsində KOBİA-nın sahibkarlara göstərdiyi dəstək və xidmətlər, KOB dostu mexanizmi ilə bağlı filmlər nümayiş olunub, sahibkarların sualları cavablandırılıb.

Qeyd edək ki, hazırda KOBİA-nın ölkənin 26 şəhər və rayonunda 31 KOB dostu fəaliyyət göstərir. 

Tədbirdən sonra KOBİA-nın nümayəndələri Tərtər rayonunda fəaliyyət göstərən bir sıra istehsal müəssisələri və fermer təsərrüfatları ilə tanış olub, sahibkarlarla görüşüblər.

Keçidlər