Müdafiə Nazirliyinin və Tərtər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Vətən Müharibəsi Qəhrəmanı Anar Vaqif oğlu Əliyevin doğum günü münasibətilə "Həyatda qəhrəmanlığa həmişə yer var" adlı vətənpərvərlik tədbiri keçirilib
İkinci Şəhidlər xiyabanına toplaşan Müdafiə Nazirliyinin rəsmiləri, Naxçıvandakı Əlahiddə Ümumqoşun Ordunun, Tərtər və Kəlbəcər rayonlarının, eləcə də qeyri-hökumət təşkilatlarının nümayəndələri, şəhidin ailə üzvləri, Vətən müharibəsi iştirakçıları, qazilər, gənclər və məktəblilər əvvəlcə şəhidin məzarını ziyarət edib, qarşısına əklillər qoyub, güllər düzüb, xatirəsini ehtiramla yad ediblər. Şəhidlərin ruhuna dualar oxunub, Vətən uğrunda, haqq yolunda şəhadət məqamına yüksələnlərin ölməzliyi, əbədiliyi bir daha vurğulanıb.
Şam ağaclarının kölgəsində keçirilən mərasimdə respublikamızın ərazi bütövlüyünün qorunması, bərpası və tarixi torpaqlarımızın işğaldan azad edilməsi uğrunda həlak olanların xatirəsinə bir dəqiqəlik sükut elan edilib. Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin hərbi orkestrinin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.
Əbədiyaşar şəhidlərimizə göstərdikləri ehtirama, şəhid ailələrinə, qazilərə diqqət və qayğıya görə ziyarətçilərə nazirliyin rəhbərliyi adından minnətdarlıq edən polkovnik Abdulla Qurbani deyib: - Qəhrəmanlıq xalqımızın qanına hopmuş ali bir hisdir. Zaman-zaman igid oğullarımız döyüş meydanlarında əsl qəhrəmanlıqlar göstərərək xalqımızı düçar olduğu bəlalardan xilas etmiş, torpaqlarımızı yadelli qəsbkarların basqınlarından, hücumlarından qətiyyətlə qoruyaraq, tükənməz sərvətlərimizin, nemətlərimizin talanmasına, yurd-yuvalarımızın dağıdılmasına, ana-bacılarımızın, qadın və uşaqlarımızın əsir, girov aparılmasına imkan verməyiblər. Əcdadlarımız yaxşı bilirdilər ki, Vətənsiz yaşamaq, əsir, girov düşmək, kiminsə köləsi olmaq ölümdən də betərdir. Odur ki, ərənlərimiz canlarından, qanlarından keçib ancaq torpaqdan, Vətəndən keçməyiblər. Onlar yaxşı bilirdilər ki, qəhrəmanlıqla ölmək, mərd-mərdanə candan keçmək, döyüş meydanında şəhadətə yüksəlmək əbədi həyat qazandırır. Onlar yaxşı bilirdilər ki, qəhrəmanlıq qəhrəmanla ölmür, onun ömrü əbədidir.
Qəhrəmanlar şərəfinə zaman-zaman dastanlar yazılmış, ozanlar onların igidliyini vəsf etmiş, hünər və qəhrəmanlıqları böyüməkdə olan nəslin təlim-tərbiyəsində meyar olmuşdur. İllər ötdükcə, nəsillər bir-birini əvəz etdikcə, qəhrəmanlar da əfsanələşmiş, ilahiləşmişlər.
“Qəhrəman ömründə bir dəfə ölər, o da əbədiyyətə, tarixə qovuşan anında” deyən ulu babalarımız həm də “Qorxaq gündə yüz kərə, min kərə ölər” deyib. Bir də “qorxaqlıq insanı ali insani dəyərlərdən də endirər” demişlər ulularımız. Xalq qəhrəmanlarımızla həmişə fəxr etmişik, bu gün də onların adlarını və qəhrəmanlıqlarını hörmətlə nəsillərə örnək göstərir, adlarını yeni doğulan körpələrə verir, xalqımızın tarixi sərkədələri, qəhrəman oğulları olduğu üçün millətlər arasında həmişə başımızı uca tuturuq.
Azərbaycan oğulları Çar Rusiyası dövründə, eləcə də SSRİ tərkibində olduğumuz vaxtlarda da göstərdikləri qəhrəmanlıqlarla xalqımıza həmişə şan-şöhrət gətirmişlər. General Səməd bəy Mehmandarov, Əlağa Şıxlinski, Həzi Aslanov, onların saylarını daha da artırmaq olar, bu kimi qəhrəmanlarımız yenə də müasirdir. Azərbaycan bağımsızlığını bərpa etdiyi ilk günlərdə müqəddəs rəmzləri bərpa etməklə yanaşı, “Azərbaycanın Milli Qəhrəmanı” adı da təsis edildi. Birinci Qarabağ müharibəsinin cəbhələrində rəşadət, şücaət göstərən neçə-neçə oğullarımız bu ada layiq görüldülər. Şəhid olan milli qəhrəmanların adları əbədiləşdirildi, büstləri ucaldıldı, adları dillər əzbəri oldu. Azərbaycan Vətən müharibəsində təcavüzkar Ermənistan üzərində tarixi qələbə qazandıqdan az sonra qalib döyüşçülərimizi təltif etmək üçün yeni döyüş orden və medalları təsis edildi. Eyni zamanda ən yüksək fəxri ad olan “Vətən Müharibəsi Qəhrəmanı” adı təsis olundu. Bu fəxri ad şəxsən müzəffər Ali Baş Komandan İlham Əliyevin təşəbbüsü ilə reallaşdı və ilk olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırıqlarının yerinə yetirərkən göstərdiyi qəhrəmanlıq nümunələri həmçinin, hərbi qulluq vəzifələrini yerinə yetirərkən igidlik və mərdlik nümayiş etdirdiklərinə görə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 83 nəfər hərbi qulluqçusuna verilmişdir. İlk olaraq bu yüksək fəxri ada layiq görülənlərdən biri də Azərbaycan Ordusunun zabiti polkovnik-leytenant Anar Vaqif oğlu Əliyevdir.
Tədbir iştirakçılarının nəzərinə çatdırılıb ki, Anar Əliyev 41 il öncə, 1980-ci il avqustun 28-də Kəlbəcər şəhərində müəllim ailəsində anadan olub. İngilis dili müəllimləri olan ata və anasının 1981-ci ildə Ağdərə rayonunun Levonarx məktəbinə təyinatlarından sonra ailə həmin rayona köçüb. 1988-ci ildə isə milli zəmində olayların gərginləşməsi, daha doğrusu, tarix boyu özgəsinin torpaqlarına göz dikən, özgələrinin əlində maşaya çevrilən, torpaq iddiaları ilə dəfələrlə baş qaldırsalar da məğlub olan, “böyük hayastan” xülyası ilə yaşayan, özləri haqqında həmişə miflər yaradan və bu miflərin əsirinə çevrilən təcavüzkar Ermənistanın başladığı qanlı hadisələrdən sonra Əliyevlər ailəsi Tərtər rayonunun Bəyimsarov kəndinə köçmək məcburiyyətində qalırlar. Burada yeddinci sinfi bitirdikdən sonra Anar Cəmşid Naxçıvanski adına Hərbi Liseyə daxil olmaq istədiyini bildirəndə, valideynləri nəinki etiraz etmir, hətta onun bu istəyini alqışlayırlar. Vaqif müəllim oğlunu şəxsən Bakıya gətirir, məktəb rəisi ilə görüşür və fiziki cəhətdən o qədər də güclü olmasa da Anarı xalqımızın haqlı olaraq “Heydər Əliyev məktəbi” adlandırdığı bu gələcək sərkərdələr beşiyinə əmanət edir. On üç - on dörd yaşlarından əsgər çəkməsi, uniforma geyən Anar müəllim və komandirlərinin ümidlərini doğruldur, valideynlərini uğurları ilə sevindirir.
Bakı Birləşmiş Komandirlər Məktəbində (indiki Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi) təhsil aldığı illərdə də Anar Əliyev seçilən kursantlardan olur və 2001-ci ildə həmin məktəbi müvəffəqiyyətlə bitirən gənc zabit Anar Əliyevin çətin və şərəfli xidmət dövrü başlayır. O, xüsusi təyinatlı manqa komandiri vəzifəsindən hərbi hissə komandiri vəzifəsinə, “leytenant”dan “polkovnik-leytenant” hərbi rütbəsinədək yüksəlir.
Hansı hərbi hissədə, hansı vəzifədə xidmət etməsindən asılı olmayaraq komandanlığın qarşıya qoyduğu vəzifələrin öhdəsindən layiqincə gəlir. Daim öz üzərində çalışır, respublikamızda və digər ölkələrdə təlimlərdə, ixtisasartırma kurslarında peşəkarlığını daha da artırır. Dünya ordularının qabaqcıl təcrübələrindən, hərb elminin ən müasir naliyyətlərindən bəhrələnir. İşgüzarlığı, yüksək iradi keyfiyyətləri ilə bütün çətinliklərdən müvəffəqiyyətlə çıxır.
Qeyd olunub ki, Vətən müharibəsinin ilk günündən döyüşlərə can atan təcrübəli və peşəkar zabitin səsi-sorağı az sonra Füzuli, Cəbrayıl, Xocavənd rayonlarının azad olunması uğrunda gedən döyüşlərdən gəlir və hərbi əməliyyatlar zamanı bir çox xüsusi təyinatlı tapşırıqların uğurla yerinə yetirilməsində fərqlənir.
2020-ci il oktyabrın 23-də Füzuli rayonunda döyüş tapşırığını yerinə yetirərkən polkovnik-leytenant Anar Vaqif oğlu Əliyev qəhrəmancasına şəhid olur.
Polkovnik A.Qurbani deyib: - "Polkovnik-leytenant Anar Əliyevin peşəkar zabit, nümunəvi komandir kimi xidmətləri həmişə yüksək qiymətləndirilib. Sağlığında Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə "Vətən uğrunda", Azərbaycan Respublikası Prezidenti adından Müdafiə nazirinin əmri ilə "Şücaətə görə", Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001), Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008), Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013), “Hərbi xidmətdə fərqlənməyə görə” 1-ci və 2-ci dərəcəli, “Qüsursuz xidmətlərə görə” 1-ci, 2-ci və 3-cü dərəcəli medallarla təltif olunub.
Polkovnik-leytenant Anar Əliyevə ölümündən sonra isə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə ən yüksək fəxri ad – “Vətən Müharibəsi Qəhrəmanı” adı verilir və bir neçə döyüş medalına layiq görülür.
Tədbirdə “Şuşanın azad olunmasına görə” medalı şəhidin övladlarına təqdim edilib.
Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək Tərtərin Vətən müharibəsində alınmaz möhtəşəm qalaya, tərtərlilərin isə hər birinin mübariz əsgərə çevrildiyini qeyd edərək deyib: "Vaqif müəllim əslən Kəlbəcərdən olmasına, Anarın Kəlbəcərdə doğulmasına baxmayaraq biz onları həm də tərtərli kimi tanıyırıq. Vaqif müəllim, Səkinə ana parlaq ziyalıdırlar, vətənpərvərdirlər, hamı onların hörmətini saxlayır. Bu cür valideynlərin Anar kimi oğulları olması heç kimdə şübhə doğurmur. Bu nəsildə qadın, kişi bilmədən hər kəs Vətənin dar günündə döyüşçü olur, həm ön, həm də arxa cəbhədə. Vaqif müəllimin bacısı Mələk xanım Birinci Qarabağ müharibəsi veteranıdır. Tərtərlilər bu ailə ilə fəxr edirlər.
İcra Hakimiyyətinin başçısı diqqətə çatdırıb ki, Tərtər şəhərində şəhidimizin adını daşıyacaq küçədə abadlıq işlərinə artıq başlanılıb və orada Vətən Müharibəsi Qəhrəmanı Anar Əliyevin tunc büstü ucaldılacaqdır.
Hacı Raminin “İslamda şəhidlik” mövzusunda etdiyi ibrətamiz söhbət müqəddəs, Qurani-Kərimdən gətirdiyi nümunələr, hədislər, o cümlədən, xidmət yoldaşları, döyüşçü dostlarının danışdığı xatirələr ziyarətçilərin böyük marağına səbəb olub.
Oğuz rayonundan gələn şəhid leytenant Zahir Feyzullayevin atası Eyvaz kişi deyib: "Anar mənim oğlumun sevimli komandiri idi. Bəlkə də oğlumun şəhid olması məndən də çox ona təsir etmişdi. Anar nəinki komandir, həm də tabeliyində olanlara ata, qardaş, dost idi. Hələ də oğlumun onun haqqında söylədiyi xoş sözlər yaddaşımdan silinməyib. Oğlum gələcəkdə özünə ideal seçdiyi komandiri Anar Əliyev kimi zabit, komandir, şəxsiyyət olmaq istəyirdi. İndi hər ikisi haqq dünyasındadır. Təsəllimiz ondadır ki, şəhid oğullarımızdan xoş xatirələr, təmiz ad və yaxşı iz qalıb. Qoy gənclərimiz unutmasınlar ki, həyatda qəhrəmanlığa həmişə yer var."
Naxçıvan Muxtar Respublikasından qəhrəmanın ad gününə gələn hərbi qulluqçular və mülki nümayəndələr də Anarın Naxçıvan Qarnizonunda böyük nüfuz sahibi olduğunu və onun qəhrəmanlıq ənənələrinin bu gün də davam etdirildiyini əminliklə vurğulayıblar.
Binəqədi rayonundakı 100 saylı tam orta məktəbin Anar Əliyev adına 6-ç sinfinin şagirdlərinin təqdim etdikləri ədəbi kompozisiya tədbir iştirakçılarına duyğulu anlar yaşadıb.
Şəhidin valideynləri Vaqif müəllim və Səkinə ana göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, Müdafiə Nazirliyinin rəhbərliyinə, tədbirin təşkilatçılarına və bütün ziyarətçilərə Əliyevlər ailəsi adından dərin minnətdarlıqlarını bildiriblər.
Hərbi orkestrin ifa etdiyi “Qələbə marşı”nın sədaları altında Vətən Müharibəsi Qəhrəmanının doğum günü münasibətilə keçirilən vətənpərvərlik tədbiri başa çatıb.