Şriftin ölçüsü :

Saytın rəngi :

Bu gün şəhidimiz Şəmilov Azər Elyas oğlunun cənnətdəki ilk doğum günüdür

13 avqust 2021 | 16:00

Bu münasibətlə Tərtər və Bərdə Rayon İcra Hakimiyyətlərinin, SHXÇDX-nin Tərtər rayon şöbəsinin, veteranlar təşkilatlarının nümayəndələri, qazilər və şəhidin yaxınları şəhidin məzarını ziyarət edərək önünə gül dəstələri düzüb, ruhuna dualar oxuyublar. Sonra şəhidin yaşadığı evə gedərək ailəsinin qayğıları ilə maraqlanıblar.

Azər Şəmilov 1971-ci il avqustun 13-də Tərtər rayonunun Alışarlı kəndində anadan olub. 1978-1986-cı illərdə Soyulan kənd tam orta məktəbində, 1986-1988-ci illərdə isə Kimya-Biologiya Təmayüllü Liseydə təhsil alıb. 1994-2000-ci illərdə Azərbaycan Tibb Universitetində (ATU) ali təhsil alıb. Ailəli idi. 2 övladı yadigar qaldı.

1991-1994-cü illərdə Birinci Qarabağ müharibəsində iştirak edib.

Azərbaycan Ordusunun tibb xidməti leytenantı olan Azər Şəmilov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın və Talışın azadlığı uğrunda gedən döyüşlərdə yaralı hərbçiləri döyüş meydanından çıxarıb.

Azər Şəmilov oktyabrın 14-də Talış döyüşləri zamanı şəhid olub. Bərdə rayonunun Kələntərli kəndində dəfn olunub.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda", 29.12.2020-ci il tarixli Sərəncamına əsasən "Suqovuşanın azad olunmasına görə", 30.12.2020-ci il tarixli Sərəncamına əsasən "Hərbi xidmətlərə görə" medalları ilə təltif edilib.

Allah şəhidlərimizə rəhmət eləsin, ruhları şad olsun!

Keçidlər