Şriftin ölçüsü :

Saytın rəngi :

Aprel döyüşlərində şəhid olmuş gizir Nicat İsgəndərovun doğum günündə məzarı ziyarət olunub

04 avqust 2021 | 16:00

Tərtər Rayon İcra Hakimiyyətinin, SHXÇDX-nin Tərtər rayon şöbəsinin, veteranlar təşkilatlarının nümayəndələri, qazilər və şəhidin yaxınları Aprel döyüşlərində böyük hünər, rəşadət göstərərək şəhidlik zirvəsinə yüksəlmiş gizir Nicat İsgəndərovun məzarını doğum günündə ziyarət edərək önünə gül dəstələri düzüb, ruhuna dualar oxuyublar.

Tədbirdə 2016-cı ilin Aprel döyüşlərində erməni işğalçılarının cəbhədə törətdiyi təxribatlara Azərbaycan Ordusunun verdiyi layiqli cavabdan, igid Azərbaycan əsgərinin döyüşlərdə göstərdiyi şücaətdən, bir sıra vacib yüksəkliklərin və yaşayış məntəqəsinin azad edilməsindən, qazanılan tarixi qələbədən danışılıb.

Məlumat verilib ki, Nicat Bəhruz oğlu İsgəndərov 1989-cu il avqustun 4-də Tərtər şəhərində anadan olub. Azərbaycan Silahlı Qüvvələrində həqiqi hərbi xidmətini başa vurduqdan sonra gizirlik məktəbində təhsil alıb. Təhsilini başa vurduqdan sonra Vətənə xidmətini cəbhənin Füzuli istiqamətində davam etdirib. Gizir Nicat İsgəndərov 2016-cı ilin aprel ayında Ermənistan silahlı birləşmələrinin təxribatının qarşısını alınmasında iştirak edib. Lələtəpə yüksəkliyinin işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Döyüşdə göstərdiyi şücaətə görə ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “İgidliyə görə” medalı ilə təltif edilib.

Sonra tədbir iştirakçıları şəhidin yaşadığı evə gedərək ailəsinin qayğıları ilə maraqlanıblar.

Şəhidin ailəsi şəhid və qazi ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Allah vətənimiz azadlığı uğrunda canından keçən bütün şəhidlərimizə rəhmət etsin!
Ruhları şad olsun!

 

Keçidlər