Tərtər rayonunda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) Tərtər Rayon İcra Hakimiyyəti ilə birgə “Müstəqilliyimiz və milli mənəvi dəyərlərimiz” mövzusunda konfrans keçirmişdir
Tərtər rayonunda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) Tərtər Rayon İcra Hakimiyyəti ilə birgə “Müstəqilliyimiz və milli mənəvi dəyərlərimiz” mövzusunda konfrans keçirmişdir. Konfransı Tərtər Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, rayon icra hakimiyyəti yanında fəaliyyət göstərən, Dini İşlər üzrə Komissiyanın sədri Ramiz Şabanov açaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlını və komitənin Qarabağ şöbəsi üzrə müdiri Əlizadə Nəcəfovu konfrans iştirakçılarına təqdim etmiş, “Müstəqilliyimiz və Milli mənəvi dəyərlərimiz” mövzusunda çıxış edərək xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən əsası qoyulmuş dövlət-din münasibətlərindən, Prezident İlham Əliyevin milli mənəvi dəyərlərimizin inkişafı üçün həyata keçirdiyi işlərdən söhbət açmışlar. Diqqətə çatdırılmışdır ki, ölkəmizdə milli mənəvi dəyərlərə, tarixi-dini abidələrə, eləcə də dini icmaların və din xadimlərinin fəaliyyətinə yüksək diqqət və qayğı göstərilir. Tədbirdə rayonda dini durumun vəziyyəti barədə, ölkəmizdə dini və mənəvi-əxlaqi dəyərlərin qorunması, qadağan olunmuş dini təriqətlərin qarşısının alınması istiqamətində görülən işlərdən də bəhs edilmişdir. Bildirilmişdir ki, cəbhə bölgəsi olan Tərtər rayonunda bu gün dini durum sabitdir. Sonra mövzu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı, Tərtər Cümə məscidinin axundu Sadiq Cəfərov, Ağsaqqallar şurasının sədri Qədir Allahverdiyev, Qapanlı kənd tam orta məktəbinin direktoru Fitat Əliyeva, Hacıqərvənd kəndinin sakini Seyid Abbas və Cəmilli kənd tam orta məktəbinin tarix müəllimi Rəşad Şahbazov çıxış etmişlər.
Sonda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı iştirakçıları maraqlandıran suallara cavab vermişdir.
Tədbiri Tərtər Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, rayon icra hakimiyyəti yanında fəaliyyət göstərən, Dini İşlər üzrə Komissiyanın sədri Ramiz Şabanov yekunlaşdırmışdır.