Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Evoğlu- Azad Qaraqoyunlu-Aşağı Qapanlı-İlxıçılar-Köçərli avtomobil yolunun çəkilişi ilə bağlı görülən işlərlə yerində tanış olub
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 7 min əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirən 11 km uzunluğu olan Evoğlu-Azad Qaraqoyunlu-Aşağı Qapanlı-İlxıçılar-Köçərli kəndinə gedən avtomobil yolunun tikintisi ilə bağlı Sərəncam imzalayıb. Azərbaycan Avtomobil Yolları Agentliyi artıq yolun çəkilişinə başlayıb. Çəkilən yol 10 metrə qədər genişləndirilib, yolun 6 metri hərəkət hissəsi, 2 metr isə çiyin hissələridir. Artıq yola iki laydan ibarət asfalt-beton örtüyü döşənir. Yol boyu avtobus dayanacaqları, yol nişanları quraşdırılacaq, hərəkətin normal təşkili üçün lazimi işlər görüləcək.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov yeni qurulan avtomobil yolunun çəkilişi ilə bağlı Azad Qaraqoyunlu kəndində olub, görülən işlərlə tanış olaraq sakinlərlə görüşüb, onların problemlərini dinləyib.
Kənd sakinləri Natiq Umudov, Xuraman Məmmədova, Həqiqət Əliyeva, Yaqub Məmmədov, Mahirə İsmayılova və başqları kəndarası avtomobil yollarının tikintisi üçün respublika Prezidenti cənab İlham Əliyevə, birinci vitse Prezidenti Mehriban xanım Əliyevaya və yol işçilərinə öz minnətdarlıqlarını bildiriblər.
Qeyd olunub ki, yeni yolun çəkilişi sakinlərin mənzilbaşına daha tez çatmasına, vaxt itkisinin aradan qaldırılmasına səbəb olacaq, insanların maddi-rifah halını daha da yüksəldəcək.