Tərtərdə Müqəddəs Qurban bayramı münasibətilə tədbirlər davam edir
Müqəddəs Qurban bayramı münasibətilə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Avropa Türk Federasiyasının başqanı Şəntürk Doğruyol və heyyəti ilə birlikdə Ulu Öndər Heydər Əliyevin adını daşıyan parkda Tərtər rayonundan olan bir qrup Vətən müharibəsi qaziləri ilə görüşüb onlara qurban payı veriblər.
Görüşdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək bildirib ki, 44 gün davam edən Vətən müharibəsində Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli Azərbaycan ordusu Ermənistanı məğlub edərək torpaqlarımızın işğalına son qoydu. Bu müharibədə Türkiyə hər zaman yanımızda oldu. Ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamı həyatın bütün sahələrində özünü təsdiq etdi.
Avropa Türk Federasiyasının başqanı Şəntürk Doğruyol Türkiyə Azərbaycan qardaşlığının tarixi köklərindən danışdı. Türkiyədə və Avropada yaşayan türk gənclərin hər zaman Azərbaycan dövlətinin, gənclərinin və ordusunun yanında olduğunu bildirdi. Vətən müharibəsi qazilərinə Türkiyə bayraqlarını hədiyyə etdi.
Qeyd edək ki, 26 ildir Avropa Türk Federasiyası tərəfindən ölkəmizdə Müqəddəs Qurban bayramı münasibətilə qurbanlıqlar kəsilərək şəhid ailələrinə, qazilərə, məcburi köçkünlərə və aztəminatlı ailələrə paylanılır. Bu ildə federasiya tərəfindən Tərtər rayonu da daxil olmaqla 10 rayonda qurbanlıqlar kəsilərək qeyd olunan kateqoriyadan olan sakinlərə paylanılmışdır.