Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov 22 iyul-Milli Mətbuat və Jurnalistika günü münasibəti ilə “Yeni Tərtər” qəzetinin əməkdaşlarını təbrik edib
Rayon rəhbəri qəzetin kollevtivini və onların timsalında milli mətbuatımızın çoxsaylı nümayəndələrini, eləcə də oxucuları əlamətdar gün münasibətilə təbrik edib, cansağlığı və işlərində uğurlar arzulayıb. Bildirib ki, Azərbaycanda söz, fikir, mətbuat azadlığının formalaşması ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli lider KİV-nin cəmiyyətdə rolunu yüksək qiymətləndirmiş, bu məsələyə böyük önəm vermişdir. Məhz buna görə də “Jurnalistlərin dostu” olmuşdur. Bu gün isə möhtərəm Prezidentimiz İlham Əliyev dövlət-mətbuat münasibətlərində Heydər Əliyev siyasətini uğurla davam etdirir. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində mətbu orqanlarının maddi-texniki bazası möhkəmləndirilir, jurnalistlərin sosial- iqtisadi, mənzil-məişət şəraitləri yaxşılaşdırılır.
Möhtərəm Prezident cənab İlham Əliyevin 2009-cu ilin mart ayında imzaladığı sərəncamla Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu yaradılıb.
Milli mətbuatımızın yubileylərinin respublikamızda geniş və təntənəli şəkildə qeyd olunması, jurnalistlərin fəxri adlarla təltif olunması, onlara yaşayış binalarının tikilməsi mətbuata, jurnalistlərə dövlət tərəfindən göstərilən diqqət və qayğının təzahürüdür.
Vurğulayıb ki, biz 44 gün davam edən Vətən müharibəsində Ali Baş Komandanın rəhbərliyi altında Milli Ordumuzun gücü, qüvvəsi ilə zəfər qazandıq. 30 ildən sonra doğma dədə-baba torpaqlarımızı işğaldan azad etdik. İnformasiya müharibəsində isə jurnalistlərimiz qələmlərindən silah kimi istifadə etdilər. Həqiqətləri, düşmən təxribatlarını bütün dünyaya çatdırdılar. Yazıları, cəbhə bölgəsindən verdikləri canlı reportajları ilə həmişə ön cəbhədə oldular.
Vətən müharibəsində Tərtər və onun yaşayış məntəqələri ən çox atəşə tutulan ərazilərdən oldu. Düşmən Tərtər şəhəri də daxil olmaqla 40 yaşayış məntəqəmizə 16 min 277 top, tank, qrad mərmisi, 21 qadağan olunmuş raket atıb. Hərbi, mülki şəhidimiz olub, evlərimiz, inzibati və sosial obyektlərimiz dağılıb. Bu zaman media işçiləri həmişə bizim yanımızda olub. Tərtərlilərin ön cəbhədə necə mərd-mərdanə dayandıqlarını bütün dünyaya bəyan ediblər.
Çıxışının sonunda rayon rəhbəri bir daha mətbuat işçilərini peşə bayramı günü münasibətilə təbrik edib, gələcək işlərində uğurlar arzuladı.
Sonra qəzetin baş redaktoru Tofiq Yusif milli mətbuatımızın tarixindən söz açıb. Bildirib ki, Azərbaycanın ilk milli mətbu orqanının adı “Əkinçi” olsa da, əsas məqsəd xalqı maarifləndirmək, mütərəqqi ideyaları onlara çatdırmaq idi. Əlbəttə, çar Rusiyasının məmurları bu məqsədi çox tez anladılar və buna görə də “Əkinçi”nin ömrü uzun olmadı. Lakin Həsən bəy Zərdabi əsas məqsədinə çatmışdı. Sonralar onun çağırışına qoşulan onlarla mətbu orqan “Əkinçi”nin yolunu davam etdirdi.
Bu gün rayonumuzun “Yeni Tərtər” qəzeti də öz sələflərinin ənənələrinə sadiq qalaraq, insanların maarifləndirilməsinə çalışır. Jurnalistlərimizin üzərinə məsul vəzifələr düşür: Azərbaycanın müasir inkişafını, yüksəlişini işıqlandırmaq, uğrunda informasiya mübarizəsi aparmaq. Bildirib ki, “Yeni Tərtər” bölgə qəzeti olsa da, respublika mətbuatı sırasında onun özünəməxsus yeri var. Belə ki, qəzetin çap variantı ilə yanaşı, onun elektron saytı da fəaliyyət göstərir. Buda rayonun sosial-iqtisadi həyatında baş verən yenilikləri geniş oxucu kütləsinə çatdırır.
Redaksiyanın əməkdaşları mətbuat işçilərinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Tədbirin sonunda rayon rəhbəri tərəfindən redaksiyanın əməkdaşlarına qurban payı, pul mükafatı və fəxri fərmanlar təqdim edilib.