Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov ümumi təhsil müəssisələrini fərqlənmə attestatı ilə bitirən məzunlarla görüşüb

19 iyul 2021 | 16:00

İyulun 19-da Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov karantin qaydalarının tələblərinə əməl etməklə rayonun ümumi təhsil müəssisələrini fərqlənmə attestatı ilə bitirən məzunlarla görüş keçirib.

Görüşdə rayon rəhbəri təhsillərini fərqlənmə attestatı ilə bitirən məzunları təbrik edib və onlara gələcəkdə daha yüksək nailiyyətlər arzulayıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci-vitse prezident Mehriban xanım Əliyevanın ölkədə təhsilin səviyyəsinin artırılması, təhsil müəssisələrinin əsaslı təmiri, yeni məktəblərin və məktəbəqədər müəssisələrin tikintisi, onların maddi-texnikibazasının gücləndirilməsinə həmişə diqqət və qayğı göstərdiklərini qeyd edib.

44 günlük Vətən müharibəsində Ali Baş Komandan, möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad olunduğunu, şəhidlərin qanının yerdə qalmadığını bildirib, zəfər gününün tarixi əhəmiyyətindən danışıb. Qeyd edib ki, 44 gün davam edən Vətən müharibəsi dövründə məkrli düşmən müharibənin aparılmasının beynəlxalq hüquq normaları ilə müəyyən olunmuş qaydalarını pozaraq, dəfələrlə Tərtər şəhəridə daxil olmaqla 40 yaşayış məntəqəmizə 16 min 277 top, tank, qrad mərmisi, 21 qadağan olunmuş raket atıb. Bunun nəticəsində 16 nəfər mülki şəxs şəhid olub, 63 nəfər isə yaralanıb. Rayonun 40 yaşayış məntəqəsi üzrə 60 fərdi yaşayış evi və 2 mənzil, 6 sahibkarlıq obyekti, 2 sosial obyekt tamamilə dağılıb, 8 nəqliyyat vasitəsi yararsız vəziyyətə düşüb. 5917 fərdi yaşayış evi və mənzilə, 301 qeyri-yaşayış sahəsinə, 178 sahibkarlıq obyektinə, 45 sosial obyektə, 30 inzibati binaya, 95 nəqliyyat vasitəsinə, 18 kənd təsərrüfatı texnikasına ziyan dəyib. Ancaq tərtərlilər bir gün də öz doğma yurdlarını və ev-eşiklərini tərk etməyib, evləri dağılsa da, şəhidlər verilsə də, ön cəbhədə olduğu kimi arxa cəbhədə də qəhrəmanlıq, şücaət göstəriblər.

Çıxışının sonunda rayon rəhbəri bir daha məzunları təbrik edərək gələcək həyatlarında uğurlar arzulayıb.

2020-2021-ci tədris ilində Tərtər rayonu üzrə ümumi təhsil müəssisələrinin 12 nəfər məzunu-6 nəfər ümumi orta təhsil səviyyəsi üzrə, 6 nəfər isə tam orta təhsil səviyyəsi üzrə təhsilini fərqlənmə attestatı ilə başa vurub.

Tədbirdə çıxış edən rayon təhsil şöbəsinin müdiri Yaşar Məhərrəmov və məzunlar onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Tədbirin sonunda təhsillərini fərqlənmə attestatı ilə bitirən məzunlara rayon icra hakimiyyətinin başçısı tərəfindən fəxri fərmanlar verilib və attestatları təqdim olunub.

Keçidlər