Tərtərdə yanğın təhlükəsizliyi ilə bağlı əhali arasında mütamadi olaraq maarifləndirmə işləri aparılır
Tərtər rayonunda mütamadi olaraq əhali arasında, ilk növbədə fermerlər və torpaq mülkiyyətçiləri ilə biçilmiş taxıl zəmilərinin, o cümlədən həmin sahələrin yüksək gərginlikli hava elektrik ötürücü xətlərinin mühafizə zonalarında yerləşən hissələrinin şumlanması, habelə meşə yanğınlarına qarşı mineral zolaqların çəkilməsi, məişət və sənaye tullantılarının həmin ərazilərə atılmaması barədə geniş izahat işləri aparılır. Təhlükəsizlik tələblərini pozan şəxslər barədə qanunvericiliklə müəyyən edilmiş tədbirlərin və digər zəruri təxirəsalınmaz işlərin görüləcəyi barədə məlumatlandırılır.
İşlərin operativliyini təşkil etmək məqsədi ilə rayon icra hakimiyyəti başçısının 25.06.2021-ci il tarixli Sərəncamına əsasən taxıl zəmilərində, otlaq sahələrində və meşə fondu ərazilərində qabaqlayıcı yanğın təhlükəsizlik tədbirlərinin görülməsi üçün rayon qərərgahı yaradılmışdır.
Təbiətdən bəhrələnməklə, onun nemətlərindən istifadə etməklə yanaşı, təbiətin nemətlərini qorumaq, yanğın təhlükəsizliyi norma və qaydalarına əməl etmək hər birimizin vətəndaşlıq borcudur!