Şriftin ölçüsü :

Saytın rəngi :

Əkin sahələrinin yandırılması torpaqların qida maddələri balansının pozulmasına gətirib çıxarır

28 iyun 2021 | 16:00

Məlum olduğu kimi, əkin sahələrində məhsul toplandıqdan sonra qalıqların yandırılması praktikası geniş yayılıb. Yay aylarında istilərlə əlaqədar bu hal ciddi fəsadlar törədir: yüksək gərginlikli enerji xətləri zədələnir, meşə sahələrinə ciddi ziyan dəyir.

Əkin sahələrinin bilərəkdən yandırılmasına heç cür haqq qazandırmaq mümkün deyil. Bəzən belə bir fikrə rast gəlirik ki, belə hal məhsuldarlığa aqrotexniki baxımdan müsbət təsir göstərir. Əslində isə bu, elmə əsaslanılmayan, həqiqətdən uzaq bir düşüncədir. Bu barədə bir qədər sonra mütəxəssis fikirlərinə diqqət yetirəcəyik. Hələlik isə bir məqama nəzər salaq. Hesablamalara görə, hər il Azərbaycanda kövşənliklərin təqribən 40 faizi yandırılır. Bu zaman meşəqoruyucu zolaqlar da məhv olur, çoxlu miqdarda quş, kirpi, dovşan və digər heyvanlar sıradan çıxır. Torpağa böyük həcmdə ziyan dəyir: münbit qat məhv olur, məhsuldarlıq azalır. Sahənin yandırılmasında torpağın hər hektarında üzvi maddənin və səth qatının elə miqdarı zədələnir ki, sonradan, necə deyərlər, onun sağalmasından, əvəz olunmasından ötrü sahənin hər hektarına təxminən 15 ton peyin verilməsinə zərurət yaranır.

Bəziləri elə düşünürlər ki, kül tarlanı yaxşı gübrələyir, bununla mineral və üzvi gübrələrə qənaət olunur. Elə təsərrüfatçılara da rast gəlinir ki, onlar kövşənliklərin yandırılması ilə ziyanvericilərin və xəstəliklərin kökünün kəsilməsini təsəvvür edirlər. Lakin bunlar yalnış fikirlərdir. Yanğın nəticəsində tarlalarda mikroflora məhv olur, torpaqda münbit qat -- humus toplanması dayanır, atmosfer havası çirklənir, məhsuldarlıq aşağı düşür. Lakin çoxu bilmir ki, biçin zamanı sahəyə tökülən bitki qalıqlarının minerallaşması nəticəsində torpaq üzvi maddələrlə zənginləşir.Ona görə yandırmaq sərfəli üsul deyil.

Bu məqamda məsələnin məsuliyyət tərəfi barədə də danışmaq istərdik. Bir müddət bundan əvvəl Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) əkin sahələrini yandıranlara xəbərdarlıq edib. Bildirib ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən əkin sahələrinin yandırılması inzibati məsuliyyət yaradır.

ƏMDK-dən aldığımız məlumata əsasən, adıçəkilən qurun tərəfindən aparılan müşahidələrə əsasən, taxıl sahələrinin biçinindən sonra əkin yerlərinin yandırılması halları tez-tez müşahidə edilir. Əhalinin nəzərinə çatdırılır ki, təsərrüfatlarda kövşənin, yəni məhsulu biçilmiş əkin sahələrinin yandırılması qadağandır və bu işlərə yol vermiş şəxslər cərimələnirlər. Əhalinin nəzərinə çatdırılır ki, İnzibati Xətalar Məcəlləsinin 244-1-ci maddəsinə görə, əkin yerlərinin yandırılmasına görə fiziki şəxslərin 400 manatdan 600 manatadək məbləğdə, vəzifəli şəxslərin 1500 manatdan 2000 manatadək məbləğdə və hüquqi şəxslərin 5000 manatdan 6000 manatadək məbləğdə cərimə edilməsi nəzərdə tutulub.

ƏMDK-nin məlumatında vurğulanır ki, əkin sahələrinin yandırılması nəticə etibarı ilə kənd təsərrüfatına yararlı torpaq sahələrinin üst münbit qatının korlanmasına, əkin yerlərində torpaqların qida maddələri balansının pozulmasına gətirib çıxarır. Həmçinin, əkin sahələrinin yandırılması yaxınlıqda yerləşən digər sahələrdə, yaşayış məntəqələrində və meşə ərazilərində yanğın təhlükəsi yaratmaqla yanaşı, mühəndis kommunikasiya sistemlərinin sıradan çıxmasına səbəb olur.

Ölkənin ərzaq təhlükəsizliyinin təmin olunmasında müstəsna əhəmiyyət kəsb edən əkin torpaqlarının mühafizəsinin təmin edilməsi, eləcə də torpaqların istifadəsi və onların mühafizəsi sahəsində inzibati məsuliyyətə səbəb olacaq halların qarşısının vaxtında alınması məqsədilə yerli icra hakimiyyətləri, əlaqədar təşkilatlar əkin işləri ilə məşğul olan əhali, habelə yerli özünüidarəetmə orqanları arasında bu istiqamətdə mütəmadi qaydada maarifləndirmə və təbliğat işlərinin aparılmasını təşkil etməlidirlər.

Kənd təsərrüfatı elmləri namizədi Qəşəm Həsənov əkin sahələrinin yandırılmasını şərh edərkən bildirdi ki, bu qəbildən olan yanğın halları ilə mütəmadi olaraq rastlaşır. Onun sözlərinə görə, bu cür halla ən çox hər il taxıl yığımı zamanı üzləşir. Bunu isə fermerlər özləri edir. Onlar məhsulu yığan kimi dərhal əkin sahələrini yandırırlar ki, növbəti məhsulun əkininə hazırlaşsınlar. Əkin yerlərini, həm də ona görə yandırırlar ki, məhsul yığımından sonra qalan qalıqları təmizləsinlər. Belə halda təbii olaraq yanğın digər ərazilərə də keçir.

Bu yanğın nəticəsində isə təkcə flora və faunaya deyil, eləcə də hələ məhsulunu yığıb qurtarmamış digər fermerlərə də ziyan dəyir. Bununla yanaşı, ətrafdakı tikililər, meşə zolaqları, işıq dirəkləri, elektrik naqilləri də məhv edilir.

 

Keçidlər