Tərtərdə "N" saylı hərbi hissədə 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə bayram tədbiri keçirilib
Hərbi hissədə təşkil olunan tədbirdə əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və ölkəmizin suverenliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Azərbaycanın Dövlət Himni səsləndirildi.
Tədbirdə çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov əsgər və zabitləri Silahlı Qüvvələr Günü münasibətilə təbrik edib, onlara çətin və şərəfli işlərində uğurlar arzuladı. Azərbaycan silahlı qüvvələrinin yaranma tarixindən, ümummilli lider Heydər Əliyevin ordu quruculuğundakı xidmətlərindən danışdı. Bildirdi ki, 1971-ci ildə Ümummilli lider Heydər Əliyevin böyük səyləri nəticəsində general Cəmşid Naxçıvanski adına hərbi məktəbin açılması Azərbaycan Ordusunun tarixində dönüşə səbəb oldu. Azərbaycanın qüdrətli və nizami orduya malik olması məhz Ümummilli lider Heydər Əliyevin gərgin əməyinin bəhrəsidir. Vurğuladı ki, Ali Baş Komandan İlham Əliyevin Ulu Öndərin ideyalarını layiqincə yerinə yetirərək ordu quruculuğu sahəsində, Azərbaycan Silahlı Qüvvələrinin müasir hərbi texnika ilə təchiz edilməsinə, möhkəm nizam-intizam, yüksək döyüş ruhu ilə seçilən, düşmənə sarsıdıcı zərbə vurmağa qadir olan bir ordu yaradılmasına nail oldu. Elə bu uzaqgörən siyasətin nəticəsində Şanlı Ordumuz Ali Baş Komandanın rəhbərliyi ilə 30 ilə yaxın düşmən işğalı altında qalan torpaqlarımızı 44 gün ərzində azad etdi.
Qeyd etdi ki, 44 gün davam edən Vətən müharibəsi dövründə məkrli düşmən müharibənin aparılmasının beynəlxalq hüquq normaları ilə müəyyən olunmuş qaydalarını pozaraq, dəfələrlə Tərtər şəhəridə daxil olmaqla 40 yaşayış məntəqəmizə 16 min 277 top, tank, qrad mərmisi, 21 qadağan olunmuş raket atıb. Bunun nəticəsində 16 nəfər mülki şəxs şəhid olub, 63 nəfər isə yaralanıb. Ancaq tərtərlilər bir gün də öz doğma yurdlarını və ev-eşiklərini tərk etməyib, evləri dağılsa da, şəhidlər verilsə də, ön cəbhədə olduğu kimi arxa cəbhədə də qəhrəmanlıq, şücaət göstəriblər.
Tədbirdə çıxış edənlər qalib ordunun əsgər və zabitlərini Silahlı Qüvvələr Günü münasibətilə təbrik edib, xidmətlərində uğurlar arzuladılar. Bildirdilər ki, Ulu Öndər Heydər Əliyevin gərgin əməyi və yüksək təşkilatçılığı sayəsində yaradılan Milli ordu qısa zaman kəsiyində regionun ən güclü nizami ordusuna çevrildi. Azərbaycan Ordusu bu gün özünün ən şərəfli dövrünü yaşamaqdadır, çünki Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan əsgəri uzun müddət işğal altında olan tarixi torpaqlarımızı azad edərək tarixi bir qələbəyə imza atdı. Bu parlaq qələbənin sevincini bütün Azərbaycan xalqı daim hiss edəcəkdir.
Sonda Tərtər Rayon İcra Hakimiyyət və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimi Birliyi tərəfindən xidmətdə fərqlənən hərbi qulluqçulara fəxri fərman və qiymətli hədiyyələr təqdim olunub.