Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə təşkil olunan "Kreativ sənaye və yerli imkanlar" adlı sərgi-satış yarmarkası maraqla qarşılanıb

25 iyun 2021 | 16:00

Tərtər Rayon İcra Hakimiyyətinin və Bərdə Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə Tərtər şəhərindəki Heydər Əliyev adına Mədəniyyət və İstirahət parkında "Kreativ sənaye və yerli imkanlar" adlı sərgi-satış yarmarkası təşkil edilib. Tədbir xalqımıza Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qələbə sevinci yaşadan şanlı ordumuza həsr olunub.

Sərgi-satış yarmarkasında birinci və ikinci Qarabağ müharibəsi qazilər, həmçinin mədəniyyət sahəsində çalışan yaradıcı və istedadlı şəxslər tərəfindən hazırlanmış sənətkarlıq, təsviri sənət nümunələri, həmçinin musiqi ənənələri nümayiş olunub.

Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov və Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi İlyas Hacıyev çıxış edərək, iştirakçıları silahlı qüvvələr günü münasibətilə təbrik edib, tədbirin əhəmiyyətini yüksək qiymətləndiriblər. Bildirilib ki, sərgi-satış yarmarkası regionda yaradıcı sənayenin inkişafına yönələn bir addımdır. Yaradıcı sənayenin inkişafı həm yaradıcı vətəndaşların ailə gəlirlərinin artırılması, maddi rifahlarının yaxşılaşdırılması baxımından əhəmiyyət kəsb edir. Yaradıcı insanların əl işlərindən ibarət sərgilərin keçirilməsi Bərdə Regional Mədəniyyət İdarəsində ənənə halını alıb. Regional İdarəninn əhatə etdiyi digər rayon və şəhərlərində də sözügedən sərgi-yarmarkaların keçirilməsi nəzərdə tutulur.

Yarmarkaya gələnlər toxuma və bədii tikmə, bədii oyma kimi dekorativ - tətbiqi sənət nümunələri, eləcə də "Nizami Gəncəvi - 880" adlı kitab sərgisi ilə tanış olmaqla yanaşı, onların alış və satışını da həyata keçiriblər. Yarmarkada nümayiş olunan toxuma və bədii tikmə, ağac üzərində oyma işləri, suvenirlər, təqdim olunan musiqi nömrələri rayon sakinlərinin və qonaqların marağına səbəb olub.

Bərdə Regional Mədəniyyət İdarəsinin Tərtər rayon üzrə nümayəndəsi Ceyhun İsmayılzadə bildirib ki, Yaradıcı və Mədəniyyət Sənayeləri dünya iqtisadiyyatında dinamik inkişaf edən sektorlardan biridir. Bu sənaye Azərbaycanda da inkişaf etməyə başayıb. 2019-cu il dekabrın 9-da Bakı Konqres Mərkəzində “Kreativ Azərbaycan” portalının (“creative.az”) təqdimatı və “Yaradıcı sənayelər: dayanıqlı inkişaf və məşğulluq üçün yeni imkanlar” mövzusunda panel müzakirəsi olub. Bu mövzuya uyğun olaraq Bərdə Regional Mədəniyyət İdarəsinin tabeliyində olan şəhər və rayonlarda kreativ sənayenin inkişafı ilə bağlı davamlı olaraq müxtəlif tədbirlər həyata keçirilir. Bu gün Tərtərdə sərgi-satış yarmarkasının keçirilməsində məqsəd də istedadlı insanları mədəniyyət sahəsinə cəlb etmək, yeni məşğulluq növü müəyyənlləşdirmək, iqtisadiyyatı mədəniyyətə gətirməkdir. 26 İyun - Silahlı Qüvvələr Günü ilə əlaqədar olaraq bu günkü sərgi-satış yarmarkası Şanlı Azərbaycan Ordusuna həsr edilib.

Birinci Qarabağ müharibəsi qazisi Zaur Hətəmov sərgi-satış yarmarkada ağac üzərində bədii oyma nümunələri təqdim edirdi. O, sərgi-satış yarmarkasının əhəmiyyətini yüksək qiymətlənirərək deyib: "Birinci Qarabağ müharibəsi zamanı Vətənimizin müdafiəsində iştirak etmişəm. Ordudan tərxis olunandan sonra ağac üzərində oyma sənətini öyrənməyə başladım. Azərbaycan Rəssamlıq Univesitetinin Sənətşünaslıq fakültəsində təhsil almışam. Bugünkü sərgidə təqdim etdiyim sənət nümunələri əsasən şanlı Azərbaycan ordusuna, xalqımızın 44 günlük Vətən müharibəsində qazandığı qələbəyə həsr olunub. Əl işlərim iştirakçıların böyük marağına səbəb oldu. Sərgi-satış yarmarkasının təşkilatçılarına minnətdarlığımı bildirirəm".

Keçidlər