Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə hərbi hissələrdə bayram tədbirləri davam edir

25 iyun 2021 | 16:00

N saylı hərbi hissədə təşkil olunan bayram tədbirində əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və ölkəmizin suverenliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycanın Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov əsgər və zabitləri Silahlı Qüvvələr Günü münasibətilə təbrik edib, onlara çətin və şərəfli işlərində uğurlar arzulayıb. Azərbaycan silahlı qüvvələrinin yaranma tarixindən, ümummilli lider Heydər Əliyevin ordu quruculuğundakı xidmətlərindən, son illərdə ordu quruculuğu sahəsində görülən işlərdən, ordumuzun qazandığı uğurlardan, o cümlədən 1994-cü il Horadiz əməliyyatı, 2016-cı ilin Aprel zəfəri, 2018-ci il Günnüt qələbəsi və 2020-ci ilin payızındakı 44 günlük Vətən müharibəsindən bəhs edib. Bildirib ki, Azərbaycan Ordusu Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi ilə hərb tarixinin yeni və şanlı salnaməsini yazdı. Rəşadətli Ordumuzun şücaəti, Vətən torpaqları uğrunda apardığı ölüm-dirim savaşı sayəsində ərazi bütövlüyümüz bərpa olundu, haqq, ədalət öz yerini tapdı.

Vurğulayıb ki, 44 gün davam edən Vətən müharibəsi dövründə məkrli düşmən müharibənin aparılmasının beynəlxalq hüquq normaları ilə müəyyən olunmuş qaydalarını pozaraq, dəfələrlə Tərtər şəhəridə daxil olmaqla 40 yaşayış məntəqəmizə 16 min 277 top, tank, qrad mərmisi, 21 qadağan olunmuş raket atıb. Bunun nəticəsində 16 nəfər mülki şəxs şəhid olub, 63 nəfər isə yaralanıb. Ancaq tərtərlilər bir gün də öz doğma yurdlarını və ev-eşiklərini tərk etməyib, evləri dağılsa da, şəhidlər verilsə də, ön cəbhədə olduğu kimi arxa cəbhədə də qəhrəmanlıq, şücaət göstəriblər.

Tədbirdə N saylı hərbi hissənin komandiri Roman Sərkərov, N saylı hərbi hissənin xidmət rəisi Vüqar Şıxlinski və Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi İlyas Hacıyev çıxış edərək Vətənimizin müdafiəçilərini Silahlı Qüvvələr Günü münasibətilə təbrik edib, xidmətlərində uğurlar arzulayıblar. Bildiriblər ki bu gün  güclü Azərbaycan Ordusu istənilən döyüş tapşırığını, hücum əməliyyatını yerinə yetirməyə qadirdir, şəxsi heyətin döyüş ruhu yüksəkdir. Ordumuz ən müasir silah və sursatlarla, zirehli texnikalarla, zenit-raket qurğuları, hərbi hava qüvvələri və s. vasitələrlə təchiz olunub. Bütün bunlar Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin ordu quruculuğuna göstərdiyi diqqət və qayğının bariz nümunəsidir.

Sonda Azərbaycan Respublikası Mədənbiyyət Nazirliyi, Tərtər Rayon İcra Hakimiyyəti və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimi Birliyi tərəfindən xidmətdə fərqlənən hərbi qulluqçulara fəxri fərman və qiymətli hədiyyələr təqdim olunub.

Keçidlər