Türkiyəli müxbir Fulya Öztürk Tərtər rayonunda olub
“Fulya” adlı sənədli filmin çəkilişi ilə əlaqədar filmin qəhrəmanı Vətən Müharibəsi zamanı operativliyi və dəqiqliyi ilə Azərbaycan xalqının rəğbətini qazanan türkiyəli müxbir Fulya Öztürk Tərtər rayonunda olub.
Səfər çərçivəsində Fulya Öztürk Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovla görüşüb. Görüşdə rayon rəhbəri 44 günlük Vətən Müharibəsinin ən çətin anlarında Fulya xanımın tərtərlilərlə bir yerdə olduğunu, Azərbaycan həqiqətlərinin, o cümlədən Ermənistan silahlı qüvvələrinin Tərtər rayonunda törətdikləri terror hadisələrinin dünya ictimaiyyətinə operativ qaydada çatdırdığını bildirib.
Qeyd edək ki, “Azərbaycanfilm” kinostudiyası və Türkiyənin “Dado” Produksionun çəkiliş qrupu tərəfindən hazırlanan sənədli filimdə Fulya Öztürkün Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycanın digər şəhər və rayonları kimi Tərtərdə də dinc əhalisinə qarşı törətdiyi terror zamanı təqdim etdiyi reportajların filmdə yer alması və çəkilişlərin bir hissəsinin Tərtərdə aparılması nəzərdə tutulub.
Fulya Öztürk səmimi görüşə görə icra başçısına təşəkkür edib. Yenidən Tərtər rayonunda olduğundan sevinc hissi keçirdiyini, müharibə zamanı baş verən dəhşətli hadisələrin bir daha təkrarlanmamasını arzulayıb.
Sonra Tərtər Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən 44 günlük Vətən Müharibəsində Azərbaycan həqiqətlərinin, o cümlədən Ermənistan silahlı qüvvələrinin Tərtər rayonunda törətdikləri terror hadisələrinin dünya ictimaiyyətinə çatdırılmasında göstərdiyi xidmətlərə görə Fulya Öztürk təşəkkürnamə ilə təltif edilib, xatirə hədiyyəsi və Vətən Müharibəsində Fulya xanımın Tərtərdə çəkdirdiyi fotoşəkillər təqdim olunub.