Tərtərdə Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinə və qazilərə pulsuz tibbi xidmət göstərildi
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın təşəbbüsü və “EGIS Pharmaceuticals PLC” şirkətinin dəstəyi ilə Tərtərdə Vətən müharibəsi şəhidlərinin ailə üzvləri və qazilərimiz üçün pulsuz tibbi yardım aksiyası təşkil olunub. Tibbi xidmətlərin göstərilməsində kardioloq, endokrinoloq, nevropatoloq, ginekoloq, pediatr, psixiatr mütəxəssislər iştirak ediblər.
Tərtər Rayon Mərkəzi Xəstəxanasında keçirilən aksiya çərçivəsində müharibə nəticəsində müxtəlif travmalar almış, doğmaları həlak olmuş şəxslərə həkim və mütəxəssislər tərəfindən lazımi tibbi və psixoloji yardım göstərilib.
Tərtər rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov rayon mərkəzi xəstəxanasına gələrək Bakı şəhərindən gələn həkimlərlə, müayinəyə gələn şəhidlərinin ailə üzvləri və qazilərlə görüşüb, onların qayğıları ilə maraqlanıb. Bu xeyirxah aksiyanın düşmən vandalizminə daha çoz məruz qalan Tərtər rayonunda keçirilməsinin əhəmiyyətini yüksək qiymətləndirib. Bildirib ki, ölkəmizdə şəhid ailələrinin, müharibə əlillərinin sosial müdafiəsinin təmin edilməsi, onların rifah halının yaxşılaşdırılması və problemlərinin həlli dövlət siyasətinin mühüm tərkib hissəsini təşkil edir. Cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən hər zaman şəhid ailələrinə, müharibə əlillərinə və onların ailə üzvlərinə xüsusi diqqət və qayğı göstərilir.
Aksiyadan yararlanan şəhidlərin ailə üzvləri və qazilər onlara göstərilən yüksək diqqət və qayğıya görə cənab Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və aksiyanın təşkilatçılarına öz minnətdarlıqlarını bildiriblər.