Bərdə, Tərtər və Ağcabədi rayonlarında qadın resurs mərkəzləri şəbəkəsinin yaradılması imkanları müzakirə olunub
Azərbaycanda fəaliyyət göstərən doqquz Qadın Resurs Mərkəzi gender bərabərliyinin təmin olunmasına və qadınların sahibkarlıq bacarıqlarının inkişafına xidmət edir, onlara sosial-iqtisadi çətinliklərin öhdəsindən gəlməkdə dəstək verir.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu fikirlər mayın 25-də komitə sədri Bahar Muradovanın Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) Rezident nümayəndəsi Alessandro Frakassetti ilə görüşündə səsləndirilib.
Görüşdə tərəflər Bərdə, Tərtər və Ağcabədi rayonlarında da qadın resurs mərkəzləri şəbəkəsinin yaradılması imkanlarını müzakirə ediblər.
Xatırladaq ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin BMTİP ilə əməkdaşlığı, ABŞ Beynəlxalq İnkişaf Agentliyi, İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyi, BMT-nin Gender Bərabərliyi və Qadınların Səlahiyyətlərinin Artırılması Qurumunun Gürcüstan nümayəndəliyi, Avropa İttifaqı və “Coca-Cola” Fondunun maliyyə dəstəyi ilə 2011-ci ildə yaradılan mərkəzlər qadınların iqtisadi cəhətdən inkişafı üçün perspektivlər yaradan məkan rolunu oynayır. Bu mərkəzlərdə qadınlar iqtisadi səlahiyyətləndirmə vasitəsilə dolanışıqlarını necə yaxşılaşdıra biləcəkləri barədə fikir mübadiləsi aparırlar.
Mərkəzlərdə bu günədək 6200-dən çox qadına insan hüquqları və iqtisadi hüquqlar, həmçinin biznesin inkişafı, mühasibat uçotu, maliyyə savadlılığı və kompüter elmləri üzrə ödənişsiz təlimlər keçirilib.