Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə şəhidlərin xatirəsinə ucaldılmış abidənin açılışı olub

12 may 2021 | 16:00

Tərtər rayonunun Evoğlu kəndində Qarabağ müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş “Şəhidlər bulağı” və “Şəhidlərə xatirə” abidəsinin açılışı olub.

Tərtər rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov Hüquq mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri və qazilər, müharibə veteranları, kənd sakinləri ilə birgə əvvəlcə “Şəhidlər bulağı”nda, sonra isə “Şəhidlərə xatirə” abidəsində olub, hər iki abidəyə gül-çiçək dəstələri qoyub, Vətən uğrunda şəhid olan oğulların xatirəsini yad ediblər.

Tədbirdə 44 günlük Vətən müharibəsində şəhidlərin qanının yerdə qalmadığı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edildiyi, Böyük Qələbənin tarixi əhəmiyyəti xüsusi qeyd olunub. Bildirilib ki, Vətən müharibəsində Tərtər rayonuna 16277 top, tank, qrad mərmisi düşüb, 21 qadağan olunmuş raket atılıb. Ancaq tərtərlilər bir gün də öz doğma yurdlarını və ev-eşiklərini tərk etməyib, evləri dağılsa da, şəhidlər verilsə də ön cəbhədə olduğu kimi arxa cəbhədə də qəhrəmanlıq, şücayət göstəriblər.

Tədbirdə çıxış edənlər Azərbaycan ordusunun qüdrətindən, hərbiçilərimizin döyüşlərdə göstərdikləri qəhrəmanlıqlardan, xalqla ordunun monolit birliyindən bəhs ediblər. Bir fikir vurğulanıb “Şəhidlər ölməz, Vətən bölünməz”. Şanlı Zəfər tarixini yazan Vətən oğulları bütün Azərbaycan xalqının hər zaman qəlbində yaşayacaq.

Sakinlər şəhid və qazi ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevə və Birinci vitse prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Keçidlər