Şriftin ölçüsü :

Saytın rəngi :

Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Çunici Vada Tərtər rayonunda səfərdə olub

23 aprel 2021 | 16:00

Yaponiya Hökumətinin “Ot kökləri və İnsan Təhlükəsizliyi" üzrə Qrant Yardım Proqramı çərçivəsində həyata keçirilən “Tərtər rayonunun 6 kəndində suvarma təchizatının yaxşılaşdırılması” layihəsi başa çatıb.

Bu münasibətlə Tərtər rayonuna səfər edən Yaponiyanın Azərbaycandakı səfiri Vada Cüniçi əvvəlcə rayon icra hakimiyyətlərində olub. Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovla görüşüb. Görüş zamanı səfirə rayon haqqında məlumat verilib, eyni zamanda Yaponiya Hökumətinin qrant yardımı proqramı çərçivəsində reallaşdırılan layihələrdən danışılıb.

Həmçinin rayon rəhbəri Ermənistanın təcavüzü nəticəsində sivil vətəndaşlara qarşı törədilən terror cinayətləri barədə də məlumat verib. Bildirib ki, 44 gün davam edən Vətən müharibəsi dövründə Tərtər rayonuna 16277 top, tank, qrad mərmisi düşüb, 21 qadağan olunmuş raket atılıb. Bunun nəticəsində 40 yaşayış məntəqəsi üzrə 3663 fərdi yaşayış evinə, 83 çox mənzilli binada 1741 mənzilə, 301 qeyri-yaşayış sahəsinə, 184 sahibkarlıq və ictimai-iaşə müəssisəsinə, 47 sosial obyektə, o cümlədən, 12 körpələr evi uşaq bağçasına, 16 məktəbə, İlk Peşə ixtisas məktəbinə, Gənclər Mərkəzinə, Musiqi Məktəbinə, Klub İcma Mərkəzinə, 10 tibb müəssisəsinə və 30 inzibati obyektə, 103 nəqliyyat vasitəsinə, 18 kənd təsərrüfatı texnikasına, 505 əkin sahəsinə ziyan dəyib, güclü dağıntılar olub. 58 fərdi yaşayış evi, çoxmənzilli binada olan 2 ev, 1 qeyri-yaşayış sahəsi, 2 sosial obyekt tam dağılıb.

Tərtər rayonu 43 hərbi, 17 mülki şəhid verib, 200-dən çox qazi, 63 mülki yaralı var.

Səfir ziyan dəymiş infrastrukturu əyani əks etdirən fotoşəkil və stendlərlə tanış olub.

Sonra Tərtər rayonunun Köçərli kəndlərində bərpa edilən subartezian quyularına baxış keçirilib. Bildirilib ki, “Tərtər rayonunun 6 kəndində suvarma təchizatının yaxşılaşdırılması” layihəsi üzrə qrant müqaviləsi Yaponiya səfirliyi ilə “Aran Humanitar Regional İnkişaf" İctimai Birliyi arasında 2019-cu ilin dekabrında imzalanıb. Layihədən Tərtər rayonunun Azad Qaraqoyunlu, Bayandurlu, Bəyimsarov, Kəbirli, Köçərli, Xoruzlu kəndlərinin sakinləri bəhrələnəcək.

Yaponiyanın Azərbaycandakı səfiri Vada Cüniçi layihənin əkinlərin suvarma suyu ilə təminatına töhfə verəcəyinə əminliyini bildirib: "Yaponiya Hökumətinin həyata keçirdiyi “Ot kökləri və İnsan Təhlükəsizliyi" üzrə Qrant Yardımı Proqramı çərçivəsində Tərtərin 6, Bərdənin 3 kəndində subartezian quyuları təmir olundu. Bu layihənin icrası nəticəsində əldə olunan suyun əhali tərəfindən kənd təsərrüfatında istifadə olunduğunu eşitdim və buna görə çox şadam. Bundan sonra kənd əhalisindən subartezianlardan ehtiyatla istifadə etməsini və bu quyuların əhaliyə uzun müddət xidmət etməsini arzulayıram. Yaponiya hökuməti bundan sonra da Azərbaycanın müxtəlif bölgələrinin əhalisinin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində öz töhfəsini verəcək".

Keçidlər