Tərtərdə İcma Resurs Mərkəzi istifadəyə verilib
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və BMT-nin İnkişaf Proqramının (BMTİP) birgə təşkilatçılığı ilə Tərtərdə İcma Resurs mərkəzlərinin açılış mərasimi keçirilib. Mərasimdə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, BMTİP-in rezident nümayəndəsi Alessandro Frakassetti və başqaları iştirak ediblər.
Əvvəlcə qonaqlar ümummilli lider Heydər Əliyevin abidəsini və Şəhidlər abidə kompleksini ziyarət ediblər. Daha sonra Tərtər Rayon İcra hakimiyyətlərinin başçısı qonaqlara Ermənistanın təcavüzü nəticəsində sivil vətəndaşlara qarşı törədilən terror cinayətləri barədə məlumat verib. Bildirib ki, 44 gün davam edən Vətən müharibəsi dövründə Tərtər rayonuna 16277 top, tank, qrad mərmisi düşüb, 21 qadağan olunmuş raket atılıb. Bunun nəticəsində 40 yaşayış məntəqəsi üzrə 3663 fərdi yaşayış evinə, 83 çox mənzilli binada 1741 mənzilə, 301 qeyri-yaşayış sahəsinə, 184 sahibkarlıq və ictimai-iaşə müəssisəsinə, 47 sosial obyektə, o cümlədən, 12 körpələr evi uşaq bağçasına, 16 məktəbə, İlk Peşə ixtisas məktəbinə, Gənclər Mərkəzinə, Musiqi Məktəbinə, Klub İcma Mərkəzinə, 10 tibb müəssisəsinə və 30 inzibati obyektə, 103 nəqliyyat vasitəsinə, 18 kənd təsərrüfatı texnikasına, 505 əkin sahəsinə ziyan dəyib, güclü dağıntılar olub. 58 fərdi yaşayış evi, çoxmənzilli binada olan 2 ev, 1 qeyri-yaşayış sahəsi, 2 sosial obyekt tam dağılıb.
Tərtər rayonu 43 hərbi, 17 mülki şəhid verib, 200-dən çox qazi, 63 mülki yaralı var.
Qonaqlar ziyan dəymiş infrastrukturu əyani əks etdirən fotoşəkil və stendlərlə tanış olublar.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova mərkəzin açılışı münasibətilə iştirakçıları təbrik edib. Sədr müavini bu gündən etibarən fəaliyyətə başlayacaq mərkəzin icma nümayəndələri, o cümlədən zərər çəkmiş ailələrə dəstək göstərilməsində, onların cəmiyyətə reinteqrasiyasında mühüm rol oynayacağına inamını ifadə edib.
BMTİP-in rezident nümayəndəsi Alessandro Frakassetti Azərbaycan hökuməti və bir sıra beynəlxalq tərəfdaşlarla birgə həyata keçirilən layihələrdə diqqətin daim həssas qruplara yönəldiyini vurğulayıb. O, mərkəzin xüsusilə Tərtər rayonunda açılmasının da zərər çəkmiş vətəndaşlara dəstək göstərilməsi və bərpa məqsədi daşıdığını bildirib.
Tədbirin davamında layihə koordinatoru Fəridə Əmirova qısa təqdimatla çıxış edib.
Çıxışlardan sonra sakinlər, eyni zamanda, qaçqın və məcburi köçkün ailələri üçün ixtisasartırma təlimlərinin keçirilməsi, psixososial yardımın göstərilməsi ilə bağlı rəy və təkliflər bildirilib, diskussiya aparılıb.
Tədbir müzakirələrlə davam edib.
Qeyd edək ki, “Azərbaycanın Füzuli-Horadiz, Ağcabədi və Tərtər rayonlarında əhalinin ən həssas qruplarının tezliklə bərpa edilməsi və icmanın dayanıqlılığının təmin edilməsi” layihəsi çərçivəsində yaradılan İcma Resurs mərkəzləri zərər çəkmiş icmaların ən vacib ehtiyaclarının müəyyənləşdirilməsinə kömək etmək, o cümlədən əsas diqqəti qadın, uşaq və əlilliyi olan şəxslərə yönəltməklə zərər çəkmiş vətəndaşlara biznes məsləhət xidmətləri də daxil olmaqla sosial-iqtisadi bərpa dəstəyinin verilməsi məqsədi daşıyır.