15 may Beynəlxalq Ailə Günü münasibəti ilə şəhər 1 nömrəli tam orta məktəbdə “Ailə dəyərlərinə və milli mənəvi dəyərlərə sədaqət” mövzusunda tədbir keçirilib
15 may Beynəlxalq Ailə Günü münasibəti ilə Tərtər rayon İcra Hakimiyyətinin və rayon Təhsil sektorunun birgə təşkilatçılığı ilə şəhər 1 nömrəli tam orta məktəbdə “Ailə dəyərlərinə və milli mənəvi dəyərlərə sədaqət” mövzusuna həsr olunmuş tədbir keçirilib.
Tədbirdə rayon icra hakimiyyət başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər şöbənin baş məsləhətçisi Svetlana Əzizova, Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın Uşaqlarla iş üzrə məsləhətçi psixoloqu Pərişan Orucova, məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavinləri Ziyafət Rüstəmova, Ələmdar Eminov, məktəbin uşaq birliyinin rəhbəri Leyla Əliyeva və yuxarı sinif şagirdləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Ziyafət Rüstəmova açıb. O, bildirib ki, təlim-tərbiyə insan psixologiyasını formalaşdıran mühüm amil olduğundan onu düzgün yönəltmək lazımdır. Axı uşaqların baxışları, qavrayışı, nitqi, ailə tərbiyəsi və mədəniyyəti eyni deyil. Ona görə də tərbiyə işi hər bir müəllimdən pedaqoji ustalıq tələb edir. Pedaqoqlar uşaq psixologiyasını onların baxışlarından oxumalı, ailə həyatları, məişətləri ilə yaxından tanış olmalıdırlar. Müasir dövrün tələbləri müəllimlərin üzərinə ciddi vəzifələr qoyur.
Ümumiyyətlə, gənc nəsil ailə və məktəbdə formalaşır, mühitdə inkişaf edir. Qazandığı uğurları iş prosesində-peşədə, sənətdə davam etdirərək xalqa, doğmalarına fayda verir. İctimai mühitin də, kollektivin də, rəhbərliyin də, dostların da gənclərin tərbiyəsində rolu hədsizdir. Bunun üçün düşdüyümüz mühitin demokratik olması əsas şərtlərdəndir ki, bu da gəncliyin sağlam inkişafına təkan verir.
Sonra rayon icra hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Svetlana Əzizova çıxış edib. O, öz çıxışında qeyd edib ki, gənc nəslin tərbiyəsi qətiyyətlə deyə bilərik ki, yaşadığı mühitlə, ünsiyyətdə olduğu insanlarla, təlim-tərbiyə aldığı pedaqoji kollektiv, ən vacibi isə böyüyüb başa çatdığı ailəsi ilə bağlıdır.
Bu bir həqiqətdir ki, tərbiyə işində əsas məsuliyyət, ağırlıq ailənin üzərinə düşür. Bəs nə zaman ailədə tərbiyə sistemi düzgün qurular və ailənin zəhməti hədər getməz, ata-ana, bacı-qardaş, nənə-nəvə və s. arasında qarşılıqlı anlayış və hörmət olar?
Bu məqsədə tərbiyəçilər o zaman nail olarlar ki, tərbiyə etdikləri uşaqlar tutduqları işin mahiyyətini, dedikləri sözün qiymətini dərindən dərk etsinlər, böyüklərə qarşı olan hərəkətlərinə diqqətlə yanaşsınlar. Ata-ana arasındakı qarşılıqlı hörmət, ailə üzvləri ilə davranış qaydaları istər-istəməz uşaqların tərbiyəsində özünü büruzə verir. Valideyn övladını öz ailəsinə, vətəninə, el-obasına layiqli övlad kimi görmək, geniş dünyagörüşə malik vətəndaş kimi böyütmək istəyirsə, ona dinimizin, milli adət-ənənələrimizin çərçivəsində yol göstərməlidir.
Sonra Ələmdar Eminov, Leyla Əliyeva və məktəbin 8-ci sinif şagirdi Rəcəb Məmmədzadə çıxış ediblər.
Tədbirdə şagirdlərin sualları cavablandırılıb.