ABŞ-ın “Beynəlxalq Münaqişələrin Həlli Mərkəzi"nin nümayəndələri erməni təcavüzü nəticəsində Tərtərdə ziyan dəymiş yerlərə baxış keçiriblər
Martın 5-də ABŞ-ın “Beynəlxalq Münaqişələrin Həlli Mərkəzi"nin nümayəndələri - Chambers Christopher Ala, Clayton Austin James, Cay Şakir Gokhan erməni təcavüzü nəticəsində ziyan dəymiş yerlərə baxış keçirmək və dəymiş ziyanla tanış olmaq məqsədilə Tərtər rayonuna səfər ediblər.
Tərtər Rayon İcra Hakimiyyətnin başçısı Müstəqim Məmmədov qonaqlara 44 gün davam edən Vətən müharibəsi dövründə ermənilərin atdığı mərmilərdən rayona dəymiş ziyan və onların aradan qaldırılması üçün görülmüş tədbirlər barədə ətraflı məlumat verib.
Sonra qonaqlar rayonda fərdi yaşayış evlərinə, çoxmənzilli yaşayış binalarına, inzibati binalara, infrastruktura dəymiş ziyanla yerində tanış oldular, ermənilərin Tərtərə atdığı qadağan olunmuş raketlərin qalıqlarına baxdılar.
“Beynəlxalq Münaqişələrin Həlli Mərkəzi"nin nümayəndəsi Chambers Christopher Ala AzTV-yə verdiyi müsahibəsində Tərtər rayonunda gördükləri barədə təsüratlarını bölüşüb, bildirib ki, “Dinc sakinlərin, uşaqların, onların oynadıqları yerlərin hədəf olaraq seçilməsini görmək dəhşətlidir. Müharibə cəbhədə olmalıdır. Cəbhə xəttindən uzaq məsafənin hədəfə alınması düzgün deyil. Amerkalı olaraq burda baş verənləri dünyaya göstərmək düşünürəm ki, borcumuzdur”.