Tərtərdə əhalinin COVID-19 infeksiyasına qarşı peyvənd olunması prosesi uğurla davam edir
Koronavirus pandemiyasının qarşısının alınması məqsədilə ölkəmizdə həyata keçirilən vaksinasiya tədbirləri çərçivəsində Tərtər rayonunda da əhalinin COVID-19 infeksiyasına qarşı peyvənd olunması prosesi uğurla davam edir.
Əhalinin peyvəndlənməsi Tərtər Rayon Mərkəzi Xəstəxanasında həyata keçirilir. İlkin mərhələdə rayona 347 doza vaksin gətirilib. Vaksinasiya kampaniyasının ilk günlərində rayonda 128 tibb işçisinə peyvəndin birinci dozası vurulub və proses davam edir. Peyvəndin ikinci dozası 21 gündən sonra vurulacaq.
Qeyd edək ki, Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası” təsdiq edilib. Strategiyaya uyğun olaraq vaksinasiyanın birinci mərhələsində səhiyyə işçiləri, yaşı 65-dən yuxarı olan şəxslər və hüquq-mühafizə orqanları tərəfindən əks-epidemik tədbirlərə cəlb edilən heyət peyvəndlənəcək. Strategiyanın əsas məqsədi ölkədə yayılmış koronavirus pandemiyasının qarşısının alınmasına, virusa yoluxma və ölüm səviyyəsinin aşağı salınmasına nail olmaqdır.