Rayon rəhbəri Vətən müharibəsində xidmətləri olan rayon sakinlərini qəbul etdi
Tərtər Rayon İcra hakimiyyətinin başçısı Müstəqim Məmmədov Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl Bayramı münasibəti ilə Vətən müharibəsində xidmətləri olan rayon sakinləri, 1-ci Qarabağ Müharibəsi qaziləri və veteranları ilə görüşərək onları təbrik edib, rayon icra hakimiyyətinin Fəxri Fərmanı ilə təltif etdi.
Rayon rəhbəri bildirib ki, 2020-ci il Azərbaycan tarixinə Zəfər ili kimi düşdü. 30 ilə yaxın erməni vandalları tərəfindən işğal olunmuş torpaqlarımız Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edildi. Təqvimə ölkə rəhbərinin Sərəncamı ilə daha bir bayram-Zəfər günü əlavə edildi.
Azərbaycan Ordusunun “Dəmir yumruq” əməliyyatı dünya hərb tarixinə düşdü. Bu əməliyyat aparıcı hərbi mərkəzlər tərəfindən araşdırılıb, öyrənilir.
Dekabrın 10-da keçirilən Zəfər paradı bir daha Azərbaycan Ordusunun, Azərbaycan dövlətinin güc, qüvvəsini, döyüş ruhunu nümayiş etdirdi. Vətən müharibəsi dövründə bütün dünya azərbaycanlıları birlik,həmrəylik nümayiş etdirdi, Azərbaycana qarşı məkrli təxribatlara tutarlı cavablar verdilər. Azərbaycan həm döyüşlərdə, həm informasiya müharibəsində qalib oldu.
44 gün davam edən Vətən müharibəsində Tərtər həmişəki kimi düşmən üçün alınmaz qala oldu. Ermənilərin atdığı mərmilərdən, raketlərdən evlərimiz dağıldı, hərbi və mülki şəhidlərimiz oldu, ancaq hamı bir nəfər kimi Vətənin müsəlləh əsgərinə çevrildi. Dövlət rəsmilərinin dediyi kimi Tərtər erməni nasizminə qarşı Azərbaycanın Stalinqradı oldu. Xalq-iqtidar-ordu birliyi bizə qələbə sevincini yaşatdı. Bu qələbənin qazanılmasında itkilərimiz də oldu. Allah bütün şəhdilərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin, şəhid analarının hər birinin qarşısında baş əyirik.
İcra başçısı 44 günlük Vətən müharibəsi zamanı arxa cəbhədə xidmətləri olan rayon Statistika idarəsinin rəisi Ədalət Məmmədovun, Təhsil şöbəsinin müdiri Yaşar Məhərrəmovun, Tərtər Cümə məscidinin axundu Sadiq Cəfərovun, Uşaq Gənclər İdman-Şahmat Məktəbinin direktoru Emin Quluyevin, Tərtər rayon Mənzil İstehsalat Təmir İstismar sahəsinin rəisi Hafiz Ələkbərovun, Tərtər şəhər Kommunal Təsərrüfatı İdarəsinin rəis əvəzi Saleh Qəhrəmanovun, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Tərtər rayon Şöbəsinin baş məsləhətçisi Möhlət Nəzərovun, Gənclər və İdman İdarəsinin rəisi Emin Pənahovun, Tərtər rayon İcra Hakimiyyətinin sürücüləri Elburus Əliyevin, Mahir Cəfərovun, Tofiq Xəlilovun, Tərtər şəhər sakini Rövşən Qulamovun, 1-ci Qarabağ Müharibəsi qaziləri və veteranları Suliddin Yusibovun, Rövşən Məmmədovun, Vidadi Məmmədovun, Mətləb Əliyevin, Arif Cabbarovun, Kamil Kərimovun, Ayaz Məmmədovun, Cavanşir İsmayılovun, Bəylər Abbasovun, Nazim Quluyevin, Azad Ramazanovun, Tərtər rayon İcra Hakimiyyətində xidmət aparan polis nəfərləri Yelmar Quluyevin, Elçin Mikayılzadənin, Rauf Sadıqovun, Bəhruz Hüseynzadənin, Kommunal Təsərrüfat İdarəsinin xadiməsi Məlahət Novruzovanın, Kommunal Təsərrüfat İdarəsinin elektrik-mantiyoru Fariz Məmmədovun fəaliyyətlərini xüsusi qeyd edərək, onları Vətən müharibəsində qazanılan qələbə, Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl Bayramı münasibəti ilə təbrik edib, göstərdikləri xidmətlərə görə Fəxri fərmanla təltif etdi.
Qeyd olundu ki, Tərtərlilər işğaldan azad edilən torpaqlarımızın yenidən bərpa olunmasında Vətənimizin güclənməsi, çiçəklənməsi naminə bundan sonra da daha əzmlə çalışacaq, dövlət-xalq birliyi nümayiş etdirəcək.