Rayon rəhbəri Vətən müharibəsində xidmətləri olan kollektivləri təbrik etdi
Tərtər Rayon İcra hakimiyyətinin başçısı Müstəqim Məmmədov Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl Bayramı münasibəti ilə Vətən müharibəsində xidmətləri olan idarə, müəssisə kollektivləri ilə görüşərək, onları təbrik edib, rayon icra hakimiyyətinin Fəxri Fərmanı ilə təltif edib.
Rayon rəhbəri bildirib ki, 2020-ci il Azərbaycan tarixinə Zəfər ili kimi düşdü. 30 ilə yaxın erməni vandalları tərəfindən işğal olunmuş torpaqlarımız Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edildi. Təqvimə ölkə rəhbərinin Sərəncamı ilə daha bir bayram-Zəfər günü əlavə edildi.
Azərbaycan Ordusunun “Dəmir yumruq” əməliyyatı dünya hərb tarixinə düşdü. Bu əməliyyat aparıcı hərbi mərkəzlər tərəfindən araşdırılıb, öyrənilir.
Dekabrın 10-da keçirilən Zəfər paradı bir daha Azərbaycan Ordusunun, Azərbaycan dövlətinin güc, qüvvəsini, döyüş ruhunu nümayiş etdirdi. Vətən müharibəsi dövründə bütün dünya azərbaycanlıları birlik,həmrəylik nümayiş etdirdi, Azərbaycana qarşı məkrli təxribatlara tutarlı cavablar verdilər. Azərbaycan həm döyüşlərdə, həm informasiya müharibəsində qalib oldu.
44 gün davam edən Vətən müharibəsində Tərtər həmişəki kimi düşmən üçün alınmaz qala oldu. Ermənilərin atdığı mərmilərdən, raketlərdən evlərimiz dağıldı, hərbi və mülki şəhidlərimiz oldu, ancaq hamı bir nəfər kimi Vətənin müsəlləh əsgərinə çevrildi. Dövlət rəsmilərinin dediyi kimi Tərtər erməni nasizminə qarşı Azərbaycanın Stalinqradı oldu. Xalq-iqtidar-ordu birliyi bizə qələbə sevincini yaşatdı. Bu qələbənin qazanılmasında itkilərimiz də oldu. Allah bütün şəhdilərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin, şəhid analarının hər birinin qarşısında baş əyirik.
İcra başçısı Tərtərin ön cəbhədə yerləşdiyini bildirərək, rayon polis şöbəsinin, Tərtər Hərbi Prokurorluğunun, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsinin, yaralılara ilkin tibbi yardım göstərən rayon mərkəzi xəstəxanasının, Tərtər Elektrik Şəbəkəsinin, Regional Qaz İstismar İdarəsinin Tərtər xidmət sahəsinin, Tərtər Su-kanal İdarəsinin, Azərbaycan “Qızıl Aypara” Cəmiyyətinin Tərtər Rayon bölməsinin, 42 və 54 saylı Yol İstismarı MMC-nin fəaliyyətini xüsusi qeyd etdi. Hər bir kollektiv ilə öz iş yerlərində görüşərək, onları Vətən müharibəsində qazanılan qələbə, Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl Bayramı münasibəti ilə təbrik edib, göstərdikləri xidmətlərə görə kollektivləri və bir qrup müharibə veteranlarını Fəxri fərmanla təltif etdi.
Qeyd olundu ki, Tərtərlilər işğaldan azad edilən torpaqlarımızın yenidən bərpa olunmasında Vətənimizin güclənməsi, çiçəklənməsi naminə bundan sonra da daha əzmlə çalışacaq, dövlət-xalq birliyi nümayiş etdirəcək.