Milli Məclisin deputatı Ağalar Vəliyev şəhid və aztəminatlı ailələrə bayram sovqatları göndərib
Milli Məclisin deputatı Ağalar Vəliyev 97 saylı Goranboy - Ağdam - Tərtər seçki dairəsinin seçicilərinə Dünya Azərbaycanlıların Həmrəylik Günü və Yeni İl münasibətilə təbrik ünvanlayıb.
Təbrikdə qeyd olunur ki, 2020-ci il Müstəgil Azərbaycanın tarixinə zəfər ili kimi daxil olacaqdır. Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə 44 günlik Vətən Müharibəsində böyük qələbə qazanılmış, işğal altında olan torpaqlarımız azad olunmuş və ölkəmizin ərazi bütövlüyü təmin edilmişdir. Bu möhtəşəm qələbə Azərbaycanın böyük siyasi, diplomatik və hərbi uğurudur.
Xalqımız tərəfindən bu bayram günlərində Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman şəhidlərimizin ölməz xatirəsi minnətdarlıqla yad olunur və igid qazilərimizə şəfa dilənir.
Millət vəkili bir daha Vətən Müharibəsində qələbə, eləcə də 31 dekabr Dünya Azərbaycanlıların Həmrəylik Günü və Yeni 2021-ci il münasibəti ilə seçicilərinə səmimi təbriklərini və xoş arzularını yetirib.
“İki sahil” xəbər verir ki, Ağalar Vəliyevin təşəbbüsü ilə bayramlar münasibətilə xüsusi karantin rejiminin tələbləri nəzərə alınmaqla 97 saylı Seçki Dairəsinə daxil olan Goranboy, Ağdam və Tərtər rayonlarından 1 000-nə yaxın şəhid, qazi, əlil və aztəminatlı ailəyə təbrik açıqcaları ilə birgə bütün zəruri ərzaq məhsullarından ibarət bayram sovqatları çatdırılıb.
Seçicilər onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlığını ifadə edib və bu kimi aksiyaların bundan sonra da mütəmadi olaraq davam etdiriləcəyi onlara bildirilib.