Üçtərəfli bəyanat Azərbaycanın Qələbəsidir
Ağdam rayonu Qarabağ ərazisində çox inkişaf edən və əhalisinin sayına görə ən böyük rayondur.
Ağdam ağır yeyinti və yüngül sənayeyə, inkişaf etmiş kənd təsərrüfatına malik bir rayon idi. Rayonda dəzgah avadanlıqları, arekosmik və rabitə cihazları, metiz – furnitur, traktor və avtomobil təmiri, asfalt, konserv, yağ – pendir, barama toxumu, pambıq, şərab və mexanikləşdirilmiş çörək zavodları, xalça fabriki, taxıl məhsulları, tikinti materialları və ət kombinatları, iki dəmir yolu vağzalı və aeroport, Ü.Hacıbəyli adına musiqi texnikumu, Ə.Haqverdiyev adına Ağdam Dövlət Dram Teatrı və s. sosial və mədəniyyət obyektləri fəaliyyət göstərirdi.
Ağdam rayonu 1930-cu ildə yaradılıb. 1993-cü il iyulun 23-də Ermənistan Silahlı Qüvvələri Qarabağın mərkəzində yerləşən Ağdamın böyük hissəsini işğal edib. 2010-cu ilin noyabr ayında erməni separatçıları Ağdamın adını dəyişərək “Akna“ qoymuş və rayonun işğal edilmiş ərazilərində 360 nəfər qanunsuz olaraq daimi məskunlaşmışdır.
Ağdam Azərbaycan elminə və mədəniyyətinə onlarla görkəmli şəxsiyyət bəxş etmişdir Ağdam ərazisində qədim tarixə malik olan çoxlu memarlıq və incəsənt abidələri var.
İşğalçı rejim İkinci Qarabağ müharibəsinin son günlərinədək Ağdamda qanunsuz arxeoloji qazıntılar aparmış və tapılmış artefaktlar Ermənistana aparılmışdır. Ağdamda olan evləri dağıtmaqla yanaşı, onun daşlarını da söküb aparmışlar. Çörək Muzeyi, Tarix Ölkəşünaslıq Muzeyi, tarzən Qurban Pirimovun Xatirə Muzeyi və Ağdam Şəkil Qalereyası, Xaçındərbənd kəndindəki 1314-cü ildə tikilmiş Qutlu Sarı Musa oğlu Künbəzi, Kəngərli kəndindəki XIV əsrə aid Türbə və Daş abidələr, Papravənd kəndində XVIII əsrə aid gümbəz və məscid, Ağdamda İmarət deyilən yerdə XVIII əsrə aid abidələr, Xan qızı Xurşudbanu Natəvanın və onun oğlunun türbələri, Şahbulaq ərazisində Şahbulaq qalası və Karvansara vəhşicəsinə dağıdılmışdır. Bundan əlavə, dini ibadətgahlardan rayonun Papravənd kəndində yerləşən Şeyx Nigar, Seyid Miriş ağa, Qara Pirim və digər ziyarətgahlar darmadağın edilmişdir.
Ağdam şəhərinin mərkəzində yerləşən qədim memarlıq abidəsi sayılan məscid və onun minarələri də vəhşicəsinə uçurdulmuşdur.
Bu vəhşilik, "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" Azərbaycan Respublikası Qanununun müddəalarının, "Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması haqqında" 1954-cü il Haaqa Konvensiyasının 1999-cu il protokolunun (Ermənistan bu protokolun üzvüdür), "Arxeoloji irsin qorunması haqqında" 1992-ci il tarixli Avropa Konvensiyasının tələblərinin pozulmasıdır.
Ağdam rayonunun Azərbaycanın nəzarətində olan hissəsində 18 köçkün şəhərciyi salınmış, rayona 93 min köçkün yerləşdirilmişdir.
Ağdamlılar həm Birinci, həm də İkinci Qarabağ müharibəsində qəhrəmancasına vuruşmuş, çoxlu şəhidlər vermişlər.
Rayonun Azərbaycan dövlətinin ərazilərində olan hissəsində son illər ərzində böyük quruculuq, abadlıq işləri aparılmışdır.
Ağdam rayonu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə, sülh yolu ilə qan tökülmədən düşməndən azad edildi.
Azərbaycan Prezidenti beynəlxalq vəziyyəti düzgün təhlil edərək ölkənin güclənməsi yolunda ardıcıl addımlar atmış, lazım olan anda düşməni məğlub etmək üçün zərbə endirilmişdir.
Ağdamın işğaldan azad edilməsi şanlı hərbi Qələbə nəticəsində mümkün olmuşdur.
Prezident İlham Əliyev: “Biz tarix yazırıq, yeni tarix! Xalqımızın, ölkəmizin yeni şanlı tarixini yazırıq. Bu, Zəfər tarixidir”.
Ağdam yenidən bərpa edilərək Azərbaycanın ən gözəl şəhərləri sırasında olacaq. İndi Ağdam üçün yeni dövr başlayır. Ağdam yenidən Azərbaycanın ən zəngin, mədəniyyətin, aqrar sənayenin, kənd təəsrrüfatının gur inkişaf etdiyi rayonlardan birinə çevriləcək.
Ağdamın azad edilməsinə səbəb olan İkinici Qarabağ müharibəsini qalibiyyətlə başa vurmuş Ali Baş Komandana, Azərbaycan Ordusuna eşq olsun!