Şriftin ölçüsü :

Saytın rəngi :

Şuşanın işğaldan azad edilməsi şanlı Qələbənin rəmzidir

20 noyabr 2020 | 16:00

Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 10 noyabr qələbəsindən cəmi 6 gün sonra işğaldan azad olunmuş Cəbrayıl və Füzuli şəhərlərinə getdilər. Bu gediş tarixi gediş idi. Azərbaycan 28 ildən sonra həm Qarabağı işğaldan azad etdi, həm də Qarabağa sahibləndi. Bir daha onun olduğunu və bir daha bundan sonra kimsənin ona sahibindən başqa sahiblənə, yiyələnə bilməyəcəyini göstərdi. 44 günlük tarixi İkinci Vətən müharibəsinin, həmin günlərdə ard-arda qazandığımız qələbələrin, 8 noyabr Şuşa zəfərinin, 10 noyabr möhtəşəmliyinin davamı - növbəti əzəməti, qüruru yaşandı. Azərbaycan qalib kimi qayıtdı Qarabağına, Füzulisinə, Cəbrayılına, Xudafərininə. Müharibə davam etdiyi müddətdə istər Prezident İlham Əliyev, istərsə də Birinci vitse-Prezident Mehriban Əliyeva mütəmadi olaraq yaralı əsgər və zabitlərimizlə, şəhid və qazi ailələri ilə görüşlər keçirdilər, onların bütün qayğı və problemlərini diqqətdə saxladılar, hər zaman yanlarında olduqlarını nümayiş etdirdilər. Şanlı Ordumuzun Müzəffər Ali Baş Komandanının işğaldan azad olunan bölgələrə səfəri zamanı hərbi qulluqçular tərəfindən gördüyü diqqət bir daha bunu deməyə əsas verir ki, müharibədə qalib gəlməyimizdə dəmir yumruğumuzla yanaşı, dəmir iradəmizin və sarsılmaz inamımızın da çox böyük rolu olub. Füzuli-Şuşa avtomobil yolunun təməlinin qoyulması tarixi bir gündür. Bu yolun çox böyük əhəmiyyəti var. Çünki bu yol bizi Qarabağın tacı olan Şuşa şəhərinə aparır. Şuşa işğaldan azad olunandan sonra artıq düşmən dərk etdi ki, bundan sonra bizə qarşı müqavimət göstərmək heç bir əhəmiyyət kəsb etməyəcək. Şuşa işğaldan azad olunandan bir gün sonra qəhrəman Azərbaycan Ordusu daha 70-dən çox yaşayış məntəqəsini işğalçılardan azad etdi və bu, əslində, düşmənə vurulan son zərbə idi. Ali Baş Komandanın dediyi kimi, təsadüfi deyil ki, noyabrın 10-da düşmən faktiki olaraq kapitulyasiya aktını imzalamışdır. Şuşanın işğaldan azad edilməsi bizim gücümüzü, ordumuzun peşəkarlığını, hərbçilərimizin cəsarətini, qəhrəmanlığını göstərdi. Cəmi bir neçə ay əvvəl Azərbaycanın işğal olunmuş ərazilərinə səfər edən, Şuşada qondarma rejimin andiçmə mərasimi keçirən və sərxoş vəziyyətdə rəqs edən Ermənistanın baş naziri Nikol Paşinyan bu gün çıxılmaz vəziyyətdədir, qəzəbli xalqının gözündən gizlənməyə yer axtarır. Bu 44 gün ərzində erməni xalqı öz baş nazirinin necə zəif və gücsüz olduğunu gördü. İşğalçı ölkə ilə bərabər, bütün dünya da şahidi oldu ki, torpaqların əsl sahibləri qayıdıb. Prezident İlham Əliyev: "Bu gün artıq biz quruculuq işlərinə başlamışıq. Qələbə günündən 8 gün və Ermənistanın kapitulyasiyasından 6 gün keçəndən sonra artıq bu yerdən – Alxanlı qəsəbəsindən Füzuli-Şuşa avtomobil yolu çəkilir. Bu yol çox rahat və geniş olacaq. Bu yol imkan verəcək ki, Şuşaya rahat gedib-gələ bilək. Bərpa edəcəyik bunları, hamısını bərpa edəcəyik. Azərbaycan xalqı bir daha öz böyüklüyünü göstərəcək. Bir daha bütün dünyaya sübut edəcəyik ki, biz böyük xalqıq. Biz qayıtmışıq, vuruşa-vuruşa qayıtmışıq. Heç kim bizə bu torpaqları bağışlamayıb. Heç bir beynəlxalq təşkilat təcavüzkara təzyiq göstərməyib. Heç kim onlardan tələb etməyib ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etsin. Sadəcə olaraq, nə hərb, nə sülh, hər şeyi dondurulmuş vəziyyətdə saxlamaq, işğalı əbədiləşdirmək, bizim tarixi torpaqlarımızın tarixi irsini silmək, torpaqlarımızı erməniləşdirmək, şəhərlərimizə, kəndlərimizə eybəcər erməni adları vermək və bu məsələni Azərbaycan xalqının yaddaşından silmək idi onların məqsədi. Amma səhv etdilər. Dəfələrlə demişəm ki, biz bu işğalla heç vaxt barışmayacağıq” sözləri il bir daha qayıdışımızı təstiqləmiş oldu. Azərbaycan öz əbədi və əzəli torpaqlarını işğalçılardan azad etdi. Qalib ölkənin Müzəffər Komandanının qazanılmış  qələbəyə möhürünü vurmaq üçün həmin ərazilərə getməsi Azərbaycan xalqının və Prezidentinin heç kəsdən və heç nədən qorxmadığının açıq-aşkar sübutu idi. Biz qalibik!  Zəfər bizimdir!

Keçidlər