Çernobıl əlillərinə qayğı göstərilir
26 aprel 2014-cü il tarixdə rayon icra hakimiyyətində Çernobıl qəzasının 28-ci il dönümünə həsr olunmuş tədbir keçirilmişdir. Tədbir iştirakçıları ilk öncə xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, abidəsi önünə gül-çiçək dəstələri qoymuşlar.
Tədbiri giriş sözü ilə rayon icra hakimiyyətinin başçısının birinci müavini Ramiz Şabanov açmış, sonra qəzada həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Sonra rayon Çernobıl Əlillər Cəmiyyətinin sədri Səttar Nəcəfov çıxış edərək qəzanın aradan qaldırılmasında iştirak edən həmyerlilərimizin adını çəkmiş, bu qəzanın insan sağlamlığına vurduğu zərərlərdən danışmışdır. Qeyd edilmişdir ki, qəzanın aradan qaldırılmasında iştirak edən 54 nəfər həmyerlimizin 5 nəfəri artıq dünyasını dəyişmişdir. Məruzəçi dövlətimizin Çernobıl əlillərinə göstərdiyi diqqət və qayğıdan da söhbət açmışdır.
Tədbirin sonunda rayon icra hakimiyyəti tərəfindən Çernobıl əlillərinə maddi yardım göstərilmişdir.