Tərtərdə karantin rejiminin vəziyyəti ilə bağlı növbəti reyd keçirilib
Respublika Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən ölkə ərazisində koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə kompleks şəkildə həyata keçirilən tədbirlər Tərtər rayonunda da uğurla davam etdirilir. Nazirlər Kabineti yanında Operativ qərərgahın göstərişinə əsasən rayonda koronavirus pandemiyasına qarşı mübarizə aparmaq üçün hər birində 4 nəfər olmaqla 59 mobil qrup yaradılıb. Yaradılmış mobil qrupun üzvləri rayon ərazisində karantin rejiminin tələblərinin yerinə yetirilməsinə ciddi nəzarət edir. Koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması, infeksiyanın yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması ilə bağlı maarifləndirmə və təbliğat işləri aparırlar.
Bu gün Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov mobil qrupun üzvləri ilə birlikdə növbəti reyd keçiriblər. Onlar sakinlərlə, ictimai nəqliyyatdan istifadə edən vətəndaşlarla, qida məhsulları satılan ticarət obyektlərində, ictimai-iaşə obyektlərində çalışan şəxslərlə görüşüb, vətəndaşlarla maarifləndirici söhbətlər aparıblar.
Sakinlərə xəstəliyin yayılmasının qarşısının alınması üçün sosial məsafənin qorunması və tibbi maskalardan istifadənin zəruri olduğu, gigenik qaydalara düzgün riayət olunması tövsiyyə olunub. Ölkə başçısının rəhbərliyi altında bu günə kimi pandemiya ilə mübarizədə görülən bütün işlərin kökündə vətəndaşların sağlamlığının qorunmasının dayandığı bir daha vurğulanıb. Dövlətin və onun rəhbərinin COVID-19-la mübarizədə gördüyü işlərə hər bir vətəndaşın dəstək olması qeyd olunub. Kimliyindən, vəzifəsindən asılı olmadan hər bir vətəndaşın bu məsələdə məsuliyyətli olması, əsl birlik, həmrəylik nümayiş etdirməsi söylənilib. Dövlət tərəfindən həyata keçirilən tədbirlərə dəstək olmaq üçün də ilk növbədə hər bir vətəndaşın üzərinə düşən işin öhdəsindən layiqincə gəlməsi, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən tətbiq olunmuş xüsusi karantin rejiminin tələblərinə hər kəsin əməl etməli olduğu qeyd olunub. Karantin qaydalarına əməl etməyənlərin haqqında ciddi şəkildə inzibati cəza tədbirləri görüləcəyi bildirilib.