Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtər rayon icra hakimiyyəti başçısının “Bilik Günü” münasibəti ilə təbriki

15 sentyabr 2020 | 16:00

Əziz müəllim və şagirdlər, məktəbəqədər tərbiyə müəssisələrinin kollektivləri!

Sizi 15 sentyabr “Bilik günü” münasibəti ilə səmimi qəlbdən təbrik edirəm. Sizə can sağlığı, təhsildə və təlim-tərbiyə işlərində  müvəffəqiyyətlər arzulayıram.

Bu ilki bilik günü hər birimiz üçün fərqli oldu. Bildiyiniz kimi bütün dünyanı öz ağuşuna almış koronavirus pandemiyası bizim ölkədən də yan keçmədi. Ancaq Möhtərəm cənab Prezident İlham Əliyevin tapşırığı ilə vaxtında görülən tədbirlər nəticəsində itkilərimiz az oldu.

Əziz müəllimlər və şagirdlər!

Bilirəm ki, doğma məktəbiniz üçün çox darıxmısınız. 2020-2021-ci tədris ilində həm müəllimlər, həm şagirdlər daha məsuliyyətli, daha diqqətli olmalıdırlar. Özünüzün və Sizi əhatə edən insanların sağlamlığı üçün qəbul edilən qərarlara, verilən tapşırıq və tövsiyələrə düzgün əməl etməli, gigiyenik qaydalara riayət olunmalı, məsafə gözləməli, maksimum dərəcədə yaxın ünsiyyətə yol verməməlisiniz, dəhlizlərdə, həyətyanı sahələrdə bir yerə toplaşmaq yolverilməz, müəllimlərin qoruyucu maskalardan istifadə etməsi mütləqdir.

Məktəbəqədər təhsil müəssisələrində çalışan işçilərin məsuliyyəti birəbeş artmalıdır. Çünki azyaşlı uşaqların məsafə gözləməsi daha çətindir, onlar birlikdə yemək yeyir, yatırlar. Bu tərbiyə müəssisəsində çalışan insanlar uşaqlarla ünsiyyətdə bütün tapşırıq və tövsiyələrə çox ciddi surətdə əməl etməlidirlər.

Bütün bu tapşrııq və tövsiyələr Sizin sağlamlığınız üçündür.

Bildirmək istəyirəm ki, Respublika Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən milli təhsilimizə müntəzəm olaraq diqqət və qayğı göstərilir. Dövlət,  Heydər Əliyev Fondu tərəfindən yeni məktəblər, uşaq evləri, liseylər tikilir, məktəblərin maddi-texniki bazası gücləndirilir. Bu diqqət və qayğını öz rayonumuzun timsalında daha aydın hiss edirik.  Rayonumuzun Kovdadıq kəndində 20 şagird yerlik ibtidai, Poladlı və  Zolgəran kəndlərində isə 56 yerlik ümumi orta məktəbləri üçün modul tipli binaların tikintisi başa çatmışdır. Rayonun Azad Qaraqoyunlu, İsmayılbəyli, Soyulan, şəhər 5 saylı tam orta məktəbləri üçün yeni binaların tikintisi, Bəyimsarov kənd tam orta məktəbinin əsaslı təmiri Regionların Sosial-İqtisadi İnkişafı Dövlət Proqramına salınmışdır.

Respublika Prezidenti Tərtər rayonuna 3 iyun 2020-ci il tarixli səfərindən sonra “Tərtər rayonunun Xoruzlu kəndində yeni ümumtəhsil məktəbinin tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalamışdır. Şəhər 5 saylı və Xoruzlu kənd tam orta məktəblərinin yeni inzibati binalarının tikintisi üçün layihə smeta sənədləri artıq hazırlanmışdır.

Yeni dərs ilində rayonumuzun ümumtəhsil məktəbləri cari təmir olunmuş, bu il həmin məktəblərdə 10700 şagird təhsil alacaqdır.

Əziz müəllim və şagirdlər, məktəbəqədər tərbiyə müəssisələrinin kollektivləri!

Bir daha Sizi yeni dərs ilinin başlanması münasibətilə təbrik edir, hər birinizi Sizi əhatə edən insanların sağlamlığına diqqətli olmağı, verilən qərar və tapşırıqlara düzgün əməl etməyi tövsiyə edirəm.

Yeni dərs iliniz mübarək!

Keçidlər