Tərtər rayonunda koronavirus pandemiyasının geniş yayılmasının qarşısının alınması üçün reydlər davam etdirilir
Nazirlər Kabineti yanında Operativ qərərgahın göstərişinə əsasən rayonda koronavirus pandemiyasına qarşı mübarizə aparmaq üçün hər birində 4 nəfər olmaqla 59 mobil qrup yaradılıb.
Mobil qrupun üzvləri tərəfindən koronavirus pandemiyası ilə mübarizədə sakinlərin sağlamlığının qorunması, infeksiyanın yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması, xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsi üçün əhali arasında təbliğat işlərinin aparılması və Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin tələblərinə hansı səviyyədə əməl olunması ilə bağlı növbəti dəfə reyd keçirilib.
Reyd əsasən şəhərin mərkəzi küçə və meydanlarını, mərkəzi bazar ərazisini, rayon ərazisində fəaliyyət göstərən ictimai-iaşə, ticarət obyektlərini və ictimai nəqliyyat vasitələrini əhatə edib.
Reyd zamanı sakinlərlə əhalinin sıx olduğu məkanlarda, ticarət obyektlərində, parklarda və bankomatların qarşısında qoruyucu maskalardan istifadənin zəruriliyi və sosial məsafənin gözlənilməsi ilə bağlı maarifləndirici söhbətlər aparılıb. Həmçinin aidiyyəti qurumların rəhbərlərinə karantin rejiminin tələblərinə ciddi əməl olunması barədə göstərişlər verilib. Keçirilən reyd nəticəsində karantin rejiminin qaydalarına riayət etməyənlər barəsində müvafiq tədbirlər görülüb.